Paşinyanın qapalı görüşünün sirri
Ölçü:


“Ermənistanda Qazax rayonunun hələ də işğal altında olan 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana geri verilməsi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bu kəndlərə gedib əhali ilə görüşündə açıq mətnlə bildirmişdi ki, “bizim olmayanı geri verməliyik”. İlkin olaraq 4 kəndin boşaldılıb təhvil verilməsindən söhbət gedirdi və Paşinyan kəndlilərə də açıq söylədi ki, əgər bu addımı atmasaq, müharibə başlaya bilər. Çünki bu ərazilər Paşinyanın tez-tez təkrar etdiyi Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisinə daxil deyil. Yəni bu ərazilərin Azərbaycanın olduğu qəbul edilməlidir". 

Koordinat.az xəbər verir ki, bunu ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib. O, Paşinyanın ilkin mərhələdə geri qaytarılacaq 4 kəndin əhalisi ilə görüşündən sonras hökumət nümayəndələrinin keçirdiyi qapalı müzakirələri də səbəbsiz saymır: "Paşinyanın erməni sakinlərlə görüşündən sonra Ermənistan cəmiyyəti demək olar ki, bütün seqmentlərdə və səviyyələrdə həmin kəndlərin qaytarılması ilə bağlı müzakirələrə başladı. Paşinyan hakimiyyətinə qarşı olan qüvvələr bu proseslərdən öz xeyirləri üçün istifadə etməyə başlayıblar. Bu səbəbdən Paşinyan hökumətin qapalı iclasını keçirdi və oradan sızan məlumatlara görə, mümkün müharibə ssenarisində Ermənistan daha ağır duruma düşəcəyini anlayaraq kəndlərin boşaldılmasını və ordunun mövqelərini dəyişdirməyi planlaşdırır”.

Qafar Çaxmaqlı Paşinyanın təkliflərinə qarşı çıxan qüvvələr arasında ordu rəhbərliyinin də olduğunu vurğulayıb: “Ermənistan mətbuatının yazdıqlarına görə, Baş Qərargah rəisi Asryan buna etiraz edib və Paşinyanın ordunu razı salmaq kimi bir problemi yaranıb. Ermənistan cəmiyyəti irqçi düşüncədən və şovinist əhval-ruhiyyədən azad olmadığına görə, məsələnin revanşist meydana da daşınması gözlənilən idi və son günlər Ermənistanda bilinən, bilinməyən terrorçu qruplaşmalar daha fəal mövqelərdə görünməkdədirlər. VOMA, Yerkrapa, Sasna Tser və başqa hərbi-könüllü qruplaşmalar dərhal mövqelərini bildirdilər. Onlar Azərbaycanın bu kəndlərinin təhvil verilməsinə qarşı çıxırlar. Parlament və küçə müxalifətinin də dəstəklədiyi bu dəstələr bölgəyə “döyüşçülərini” göndərməyə və Azərbaycana qarşı hərbi əməliyyatlara hazırlıq prosesinə başladılar. “Döyüş qardaşlığı” adlı qrup Ermənistanın nəzarətində olan Qazaxın Yuxarı Əskipara və digər kəndlərinə girəcəyini, ərazinin Azərbaycana geri qaytarılmasına imkan verməyəcəklərini keçən ay bəyan etmişdi. Həmin silahlı dəstənin qurucu üzvlərindən olan Hrant Ter-Abrahamyan bir müsahibəsində deyir ki, bu dəstə bir ildən artıqdır Bağanis və Yuxarı Əskipara kəndlərində hazırlıq işlərinə başlayıb. “Biz orada döyüş taktikası və digər hərbi əməliyyatları yerli özünüidarə orqanları ilə birlikdə etmişik. Biz Noyemberyan icma rəhbəri ilə sənəd imzalamışıq. Bütün məsuliyyəti öz üzərimizə götürmüşük və yerli əhali ilə qarşılıqlı anlaşmalarımız da var". Bu qrupun üzvləri 44 günlük savaşda yer alan adamlardır və İrəvanda ayrıca hərbi hazırlıq düşərgəsində təlim keçməkdədirlər”. 

Qafar Çaxmaqlı bildirib ki, VOMA adlı silahlı qrup da anklav kəndlərin Azərbaycana qaytarılmasına qarşı çıxır. Bu silahlı dəstənin rəhbəri Vova Vartanov da etiraf edir ki, Azərbaycanla sərhədin bəzi hissələrində VOMA hərbi təlimlər keçirib və bundan Ermənistan hakimiyyətinin xəbəri olub. Ermənişünas alimin sözlərinə görə, Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə gedən silahlı dəstə hakimiyyət qüvvələri tərəfindən saxlanıldıqdan sonra gərginlik artmağa başlayıb: “Məlum olub ki, Nor-Nork polis şöbəsində saxlanılan şəxsləri azad etmək tələbi ilə iğtişaş törədənlər yalnız “Döyüş qardaşlığı” təşkilatının üzvləri deyil. Onlar daha radikal qanadlardan biri olan və keçmiş terroristlərin də yer aldığı “Milli Demokratiya Qütbü” adlı ultraradikal birliyin üzvləridir. Birliyin rəhbərləri terrorçulardır, bəziləri ASALA üzvləridir. Həmin şəxslərdən biri Jirayr Sefilyandır. Buradan belə çıxır ki,  kəndlər xoşluqla qaytarılmasa, Azərbaycan ordusu təkcə Ermənistan ordusuna qarşı deyil, həm də bölgədə lövbər salmış qeyri-qanuni silahlı birləşmələrlə döyüşəcək. Paşinyan Ermənistan cəmiyyətində özünü “təmizə çıxarmaq” üçün Azərbaycan ordusunun əməliyyat keçirməsinə də gedə bilər və hətta qapalı görüşdə bu, bir variant kimi müzakirə edilib”.

Professor bildirib ki, 4 kənd ilkin olaraq boşaldılmalıdır. Onun fikrincə, Azərbaycan ərazisi sayılan həmin yaşayış məntəqələri azad edildikdən sonra Ermənistanın digər qayğıları başlayacaq: "Həmin kəndlərin və ətraf ərazilərin geri qaytarılması ilə İcevan-Noyemberyan-Gürcüstan avtomobil yolu və Ermənistana gələn qaz xətti də Azərbaycanın nəzarətinə keçəcək. Ermənistanın yeni yol və qaz xətti çəkməsi üçün ən azı 2 il lazımdır. Ermənistanda ondan da qorxurlar ki, Kərki kəndi Azərbaycana qaytarılsa, buradan keçən, İrəvandan Zəngəzura gedən yol da bağlanacaq. Bunların olmaması üçün demarkasiya prosesində kəndlərin dəyişdirilməsi məsələsini ortaya ata bilərlər. Gədəbəy ərazisində olan erməni anklavının – Başkəndin bu kəndlərlə dəyişdirilməsindən danışırlar, bu isə qətiyyən qəbul edilə bilməz. Başkəndlə buradakı kəndlərin strateji önəmi eyni deyil. Bu işi pozmaq üçün ermənilərin sərhədlərimizdə təxribatları davam etdirəcək. Həm də erməni cəmiyyətindəki anti-Paşinyan hərəkatı aprelin 5-də keçiriləcək Brüsseldə Leyen-Paşinyan-Blinken görüşünün pozulması üçün fəaliyyətə keçəcək. Ruspərəst qüvvələr də fəallaşıblar. Ermənistanda xaos, qiyam və qeyri-sabit günlər başlaya bilər. Amma bütün bunlar  Azərbaycanın 4 kəndinin boşaldılmasını təxirə sala bilməz”.

Xatırladaq ki, anklav kəndlərlə bağlı bölgədə yaranmış vəziyyət Rusiyanı da narahat etməyə başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünənki açıqlamasında Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə, aqressiv ritorikadan çəkinməyə çağırıb.danışıb. O deyib ki, bütün ərazi mübahisələri və qarşılıqlı iddialar yalnız siyasi-diplomatik yolla və üsullarla həll edilməlidir: "Anklavların qaytarılması daxil olmaqla, bu kimi məsələlər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir".

Zaxarova onu da vurğulayıb ki, Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində maksimum köməklik göstərməyə hazırdır.
28.03.2024 16:50:00
Oxuma sayı: 463