Ermənistanın sərhəddəki təxribatları Rusiyanı da qayğılandırır
Ölçü:


Son iki gündə sərhəddə baş verənlər Ermənistanla Azərbaycan arasında yeni toqquşma riskini bir az da artırıb. Bu, təkcə iki ölkə arasında müsbət məcraya yönəlmiş sülh danışıqlarına deyil, həm də regional təhlükəsiliyə zərbə bura bilər.

Koordinat.az xəbər verir ki, bu bəyanatla rusiyalı general, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş Qərargah rəisi Andrey Serdyukov deyib. O, bildirib ki, KTMT Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı görür və tərəfləri vəziyyəti normallaşdırmaq üçün təcili tədbirlər görməyə çağırır: "Ermənistan-Azərbaycan sərhədində hərbi toqquşma potensialını azaltmaq, vəziyyəti nizamlamaq üçün sülh müqaviləsi tələb olunur. Təəssüf ki, ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatları və Orta Asiyaya birbaşa çıxış imkanlarını təmin etmək cəhdləri var. Bu məqsədlə digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur. Sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq”.

General-polkovnik Serdyukovun sözlərinə görə, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.

Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Ermənistan ordusu Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisindəki mövqelərimizi atəş tutaraq bir əsgərimizi yaralayıb. Həmin gün gecə saat 20:50-də və 23:40-da şərti dövlət sərhədinin başqa bir istiqamətində - Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsində yerləşən mövqelərimiz atıcı silahlardan atəşə tutub. Bu gün isə saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Hərbçilərimizin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb.
14.02.2024 14:45:00
Oxuma sayı: 1097