Ermənistan 2 əsgərinin öldüyünü təsdiqlədi
Ölçü:


Ermənistan dünən Azərbaycanla şərti sərhədin Zəngilan rayonu istiqamətində ordumuza qarşı təxribat törətdiyini və bundan sonra "Qisas əməliyyatı" nəticəsində 2 əsgərinin öldüyünü təsdiqləyib.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, dünənki təxribata cavab olaraq,  Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində 2 erməni hərbçisi ölüb.

Ermənistan Müdafiə Nazirliyi əlavə açıqlama verəcəyini vəd edir.

Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Bundan başqa, dünən saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
13.02.2024 11:37:00
Oxuma sayı: 293