Kəlbəcərdə daha bir kütləvi məzarlıq aşkarlandı
Ölçü:


Kəlbəcər şəhərinin yenidən qurulması və bərpası ilə bağlı aparılan qazıntı işləri zamanı daha bir kütləvi məzarlıq aşkarlanıb.

Koordinat.az xəbər verir ki, qazıntı işləri zamanı torpağın dərin qatlarından insana məxsus baş və qol sümükləri tapılıb. Həmin faktı mobil telefonu ilə videoçəkilişlərlə qeydə alan şahidlərin bildirdiyinə görə, aşkar edilən kəllə sümüyündə çat izləri var. İlkin ehtimalara görə aşkar olunmuş insan sümükləri qədim alban qəbirlərinə aiddir. Bu, sümüklərin torpağın dərin qatında yerləşməsi və bir qisminin çürüntüyə daha çox məruz qalması ilə izah edilir.

Bununla belə, həmin sümüklərin Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən qətlə yetirilmiş yerli sakinlərə məxsus olması ehtimalı da az deyil. Kütləvi məzarlığın koordinatlarının tam dəqiqləşdirilməsi ilə bu məsələyə də aydınlıq gətiriləcək. 

Hələlik isə əldə etdiyimiz məlumatlara görə, bir neçə insana aid olduğu güman edilən sümüklər "Bakı Abadlıq" MMC-nin hazırda Kəlbəcər şəhərinin mərkəzində inşa etdiyi binaların arxa hissəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar aparılan qazıntı zamanı aşkarlanıb. Hazırda "Zəfər prospekti" adlandırılan həmin ərazi keçmiş Musiqi məktəbindən bir qədər yuxarıda, Uşaq Xəstəxanasının yaxınlığındakı yolayrıcında, Aşıq Alı küçəsi ilə Nizami prospekti arasında yerləşir. Sümüklərin əksəriyyəti çürüntüyə məruz qaldığından ərazidə qazıntı işləri dərhal dayandırılıb.

Aşkar edilmiş kütləvi məzarlıqla bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda ərazi mühafizə olunur.
13.02.2024 10:58:00
Oxuma sayı: 369