İnvestorlar Qarabağa dəvət olunur
Ölçü:

İş adamlarının işğaldan azad olunmuş ərazilərdə öz bizneslərini qurmaq, həm yerli, həm də xarici bazarlarda öz məhsullarını satmaq və gəlir əldə etmək üçün hər cür şərait yaradılıb.

Koordinat.az xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bu qurumun ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ağdam Sənaye Parkının rezidenti olan şirkətlər bu ildən etibarən öz məhsullarını xaricə ixrac edə biləcək: "İşğaldan azad olunmuş ərazilərə investisiya cəlbi istiqamətində işlər görülür. Ağdam Sənaye Parkının rezidenti olan şirkət artıq ixraca başlayacaq. Bununla bağlı xüsusi pilot layihə də həyata keçiriləcək".

İcraçı direktor deyib ki, Qarabağa da xarici investorların gətirilməsi məsələsi gündəmdədir. Onun sözlərinə görə, xarici investorların işğaldan azad edilmiş ərazilərdə investisiya layihələri həyata keçirməsi üçün  kifayət qədər yaxşı infrastruktur qurulub: "Artıq investorların o bölgəyə gətirilməsi vacibdir. Bu, həm işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma, eləcə də "Böyük qayıdış" proqramı çərçibəsində həyata keçirilən tədbirlərin icrası prosesinə, həm də investorların gəlirli bizneslə məşğul olmasına kömək edəcək".

29.01.2024 15:14:00
Oxuma sayı: 584