Kəlbəcərdə saxlanılan erməni diversantın cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Ölçü:


Kəlbəcərdə saxlanılan erməni diversant Qaqik Aşoti Voskanyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Koordinat.az
xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Qaqik Aşoti Voskanyan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


20.11.2023 17:46:00
Oxuma sayı: 3405