Ən çox mina partlayışlarının baş verdiyi 3 rayon: Tərtər, Kəlbəcər və Ağdam
Ölçü:



İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlarla çirkləndirilmiş rayonların adları açıqlanıb. 

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) Koordinat.az-a verilən məlumata görə, indiyə qədər mina partlayışı hadisələrinin  70 faizdən çoxu keçmiş təmas xətindən kənarda olan ərazilərdə qeydə alınıb. Bu isə o deməkdir ki, mina və partlamamış hərbi sursatlara nəinki keçmiş təmas xətti boyu olan ərazilərdə, işğaldan azad olunan bütün ərazilərdə rast gəlmə ehtimalı var.

Mina partlayışlarının inzibati ərazilər üzrə bölgüsünə gəlincə, ANAMA-dan bildiriblər ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə hərbi və mülki şəxslərin minaya düşməsi hadisələrinə görə ilk üç yeri Tərtər, Kəlbəcər və Ağdam rayonları tutur.
 
Fizuli rayonu da Birinci Qarabağ müharibəsi dövründə minalarla ən çox çirkləndirilmiş bölgələr sırasındadır. Elə bölgələr var ki, orada bir kvadratmetr sahədə 6-8 mina aşkarlanır. Belə hallara daha çox Ağdam və Tərtərdə rast gəlinir.

ANAMA-nın statistik təhlillərinə görə, mina qurbanı olan hərbçilər düşmənin qurduğu “gizli tələ”yə əsasən aktiv döyüş əməliyyatlarının aparıldığı sahələrdə və səngərlərin yaxınlığında, mülki vətəndaşlar isə əkin yerləri, otlaq sahələri, meşə və dağ ərazilərində düşüb.

Bu faktlar onu deməyə əsas verir ki, minalanmış ərazilərdə təsərrüfat fəaliyyəti aparmaq, xüsusilə xəbərdarlıq nişanı olan əkin və otlaq sahələrinə daxil olmaq təhlükəlidir.

20.11.2023 13:28:59
Oxuma sayı: 3966