ABŞ-dan Azərbaycanın Vaşinqton görüşündən imtina etməsinə açıqlama
Ölçü:


ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək.

Koordinat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan tərəfinin ABŞ-da keçiriləcək görüşdən imtinası ilə bağlı sualı cavablandırarkən deyib: “Daha əvvəllər də dediyimiz kimi, biz Ermənistan və Azərbaycan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə də başqa yerdə olsun, hər iki tərəfi bu danışıqlarda iştirak etməyə təşviq edirik. Bu, bizim siyasətimiz olaraq qalacaq”.

Xatırladaq ki, ABŞ Senatı iki gün əvvəl “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

ABŞ Senatının bu ədalətsiz qərarından sonra rəsmi Bakı noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməli olan görüşdən imtina edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı dünən yaydığı bəyanatda deyilir: "ABŞ-ın birtərəfli yanaşması Vaşinqtonun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir". 

Nazirliyin ABŞ dövlət katibinin köməkçisi Ceyms O-Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində bildirilir ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub: "Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır".
17.11.2023 10:14:00
Oxuma sayı: 4049