Putinlə görüşən Çin müdafiə naziri işdən çıxarılaraq istintaqa cəlb olunub
Ölçü:


“Çinin müdafiə naziri Li Şanfu vəzifəsindən kənarlaşdırılıb və onunla bağlı istintaq aparılır”.

Koordinat.az xəbər verir ki, bunu kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmiləri “Financial Times”a bildiriblər: “Son iki həftə ərzində Li Şanfu ictimaiyyət qarşısına çıxmayıb. Nazir 7-8 sentyabrda Vyetnam və Çin arasında müdafiə sahəsində əməkdaşlığa dair illik toplantıda iştirak etməli idi, lakin səfəri “sağlamlıq səbəbi ilə” ləğv etdi”,

65 yaşlı Li Şanfu müdafiə naziri vəzifəsinin icrasına 2023-cü il martın 12-də başlayıb. 2018-ci ildə Rusiyadan Su-35 qırıcıları və S-400 kompleksləri alması səbəbindən ABŞ sanksiyalarına məruz qalıb. Nazir təyin olunduqdan bir ay sonra o, Moskvaya səfər edib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

“Financial Times” yazır ki, müdafiə nazirinin istefası Pekinin hərbi və xarici siyasət strukturunun elit üzvləri arasında xaosun başqa bir əlaməti ola bilər.

Yayda Çinin xarici işlər naziri Qin Qan uzun müddət ictimaiyyət qarşısına çıxmadı. Onun yoxluğu da sağlamlığı ilə bağlı səbəblərlə izah edilsə də, istefası sonradan məlum oldu. O, cəmi 6 ay nazir vəzifəsində çalışdı.

Həmçinin Çin lideri Si Cinpin Çinin nüvə qüvvələrinə komandanlıq edən iki yüksək rütbəli zabiti – raket qüvvələrinə rəhbərlik edən general Li Yuçao və onun müavini Liu Quanbini vəzifəsindən uzaqlaşdırıb. Onlar da vəzifələrindən uzaqlaşdırıldıqlarını elan etməzdən əvvəl bir neçə ay ictimaiyyət qarşısına çıxmadılar.

Nəşrin mənbələri bildiriblər ki, yüksək rütbəli hərbi məmurlar məxfi məlumatları sızdırmaqda şübhəli bilinir. Bundan sonra Si Cinpin və Kommunist Partiyası orduda korrupsiyanın qəbuledilməz olduğunu bəyan etdilər.

15.09.2023 10:00:00
Oxuma sayı: 1401