Ermənistan yeni müttəfiq axtarışında
Ölçü:


“Amerikanın Ermənistanda hərbi təlimləri Rusiyanı narahat edir. Əslində, böyük hərbi təlimlərdən söhbət getmir. 85 amerikalı hərbçinin qısa təlimləri olacaq. Amma təlimin adı böyükdür. ABŞ-ın Ermənistanda olması özü Rusiyanı qıcıqlandırır. Bu gün Rusiya ilə Ermənistan arasında söz atışması davam edir". 

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya ilə Ermənistan arasındakı gərginliyi şərh edərkən deyib. O bildirib ki, Azərbaycan regionda yaranmış siyasi vəziyyətdən faydalana bilər: "Rusiyanın Paşinyanı cəzalandırmaq niyyəti varsa, şimal qonşumuz bizim Qarabağda tamamilə nəzarəti ələ keçirib, qayda-qanun yaratmağımıza mane olmamalıdır. Rusiya bunu istəyirmi? Bu böyük bir sualdır. Məsələn Rusiya Prezidenti Vladimir Putinin Vladivastokdakı çıxışı təxribatçı tezislərlə dolu idi. Kəlbəcər və Laçını Ermənistana peşkəş çəkdiyini, əvəzində Ermənistandan Azərbaycana 5 rayonu qaytarmasını istədiyini deyib. Bununla da sülhün yaranmasını guya hədəfləyiblər. Rusiya Kəlbəcəri və Laçını Ermənistana peşkəş etmək istəyəndə bizdən icazə aldımı? Yaxud “etnik təmizləmə” ifadəsini işlədir. Guya Rusiya hərbi kontingenti buna görə Qarabağdadır. Nə qədər Rusiyayla Ermənistan arasında gərginlik, söz atışması olsa da, şimal qonşumuzun caynaqlarını Ermənistandan çəkmək niyyətinin olmadığı aydın sezilir. Onsuz da, bu mümkün də deyil. Çünki Ermənistanda hərbi bazaları var. Ermənistanın sərhədlərini qoruyur, ona ucuz qaz satırlar. ABŞ və Fransa gəlib Rusiyanı əvəz edə bilməyəcək. İndi Rusiya ilə Ermənistan hakimiyyətinin təmsilçisi arasında gərginlik var. Biz də bundan istifadə edib, Qarabağda öz işimizi görməliyik.İndi bir yük keçib. Lakin bizim yüklərimiz orada ilişib qalıb. Laçın yolunu biz bu şərtlər altında aça bilmərik”.

Politoloq vurğulayıb ki, Amerikanın Ermənistanda hərbi təlimləri Rusiyayla yanaşı, İranı da narahat edir: “İran da yumşaq şəkildə öz etirazını bildirib. İran Prezidenti İbrahim Rəisi Nikol Paşinyana zəngində ABŞ-ın adını çəkməsə də, deyib ki, bölgə ölkələlərindən kənar qüvvələrin burada varlığı yolverilməzdir. O, “3+3” formatını da xatırladıb. Lakin İranın sözü varsa, Ermənistana deməlidir, Azərbaycana yox. Amerika Azərbaycanda yox, Ermənistanda hərbi təlimlər keçir. İranın baş düşməni də məhz ABŞ-dır. Digər yandan  “3+3” formatını İran dəstəklədiyini deyir. Formatı Azərbaycan da dəstəkləyir. Bunun əleyhinə olan Ermənistandır. Çünki Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir, bizim ərazi bütövlüyümüzü tanımaqdan yan keçir. Ona görə İranın nə sözü varsa, Ermənistana deməlidir. İndi İran iddia edir ki, Azərbaycanla sərhəddə təlimlər keçirmir. Azərbaycanla münasibətlərin normal olmasında maraqlıdır. Biz də normallaşmanın tərəfdarıyıq. Lakin bununla əlaqədar konkret addımlar atmaq lazımdır”.
14.09.2023 13:51:00
Oxuma sayı: 5206