Ukrayna ordusu Baxmut mühasirəyə alır
Ölçü:


Ukraynanın şərq hissəsində yerləşən Baxmut şəhərində vəziyyət gərgin olaraq qalır.
 
Koordinat.az
xəbər verir ki, Rusiya şəhərin tamamilə ələ keçirildiyini iddia edir, Kiyev isə deyilənləri təsdiqləmir.

Rusiya prezidenti Vladimir Putin şəhərin ələ keçirilməsi münasibətilə nizami rus qoşunlarını və "Vaqner" muzdlularını təbrik edib. Ukrayna tərəfi isə Baxmut uğrunda döyüşlərin davam etdiyini açıqlayıb.

Ukrayna Quru Qoşunlarının generalı Aleksandr Sırski özünün "Telegram" kanalında yazıb ki, qoşunlar Baxmutun az bir hissəsinə nəzarət edir və bu ərazi vəziyyət dəyişəndə şəhərə girməyə imkan verəcək.

Baxmut yaxınlığındakı mövqelərə baş çəkən Sırski bildirib ki, Ukrayna qoşunları şəhərətrafı ərazilərdə Rusiya qüvvələrinə doğru irəliləyir və şəhəri "taktiki mühasirəyə" almağa çalışır.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar da qoşunların şəhərin cinahları boyunca irəlilədiyini deyib.

“Qüvvələrimiz şəhəri yarımmühasirəyə alıb, bu, bizə düşməni məhv etmək imkanı verir... düşmən şəhərin nəzarət etdiyi hissəsində özünü müdafiə etməlidir”, - deyə Malyar "Telegram"da yazıb. O bildirib ki, Ukrayna qoşunları hələ də sənaye və infrastruktur obyektlərini müdafiə edir, bundan əlavə yüksəkliklərin bir hissəsini ələ keçirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir ki, son 24 saat ərzində Rusiyanın Baxmut ətrafında hücumu, o cümlədən şəhərə və İvanivske kəndinə qərb istiqamətindəki hava zərbələri davam edib.

“Vaqner”in lideri Yevgeni Priqojin "Telegram" kanalında bildirib ki, muzdluların işi başa çatıb və onun qüvvələri bir neçə gün ərzində münaqişə zonasını tərk edəcək.

"Vaqner bu gün heç bir ərazini ələ keçirməyib. Biz ələ keçirəcəyimizə söz verdiyimiz bütün əraziləri son santimetrə qədər ələ keçirdik", - deyən Priqojin “Dünən bəyan etdiyimiz kimi, biz mövqelərimizi (Rusiya) Müdafiə Nazirliyinə təhvil veririk və mayın 25-də münaqişə zonasını tərk edirik”, - vurğulayıb.

Qərb hərbi analitiklərinin fikrincə, Baxmutun heç bir strateji əhəmiyyəti yoxdur. Şəhərin ciddi əhəmiyyətə malik olmadığını Priqojin də etiraf edib. Amma Rusiya Donbasın sənaye zonasına doğru irəliləmək üçün şəhəri ələ keçirmək istəyir.

Kiyev rəsmilərinin sözlərinə görə, Ukraynanın məqsədi Rusiya qüvvələrini cəbhənin başqa yerlərindən buraya cəlb etmək və planlaşdırılan böyük əks-hücumundan əvvəl rusların müdafiə xəttini zəiflətməkdir.

Qeyd edək ki, son bir həftə ərzində Ukrayna qüvvələri Baxmutun şimal və cənub cinahlarında sürətli uğurlar qazanmışdı, hadisələr fonunda Rusiya tərəfi öz qoşunlarının uğursuzluqlarını etiraf edib. ABŞ prezidenti Co Bayden isə Rusiyanın Baxmutda 100 000-dən çox itki verdiyini elan edib.


22.05.2023 12:00:00
Oxuma sayı: 897