Cavanşir Feyziyev: "Fransa Senatı və Milli Assambleya Yelisey Sarayının göstərişlərini mütiliklə yerinə yetirən oyuncaq qurumlara çevrilib"
Ölçü:


İki həftə öncə biz Fransa Senatında ölkəmiz əleyhinə qəbul olunmuş qərəzli qətnamə ilə bağlı etirazımızı bildirmiş və müvafiq bəyanat qəbul etmişdik. İki gün əvvəl isə Milli Assambleyada da oxşar qətnamənin qəbul edilməsi bizi yenidən bu mövzuya qayıtmağa vadar edir.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev bildirib. Onun sözlərinə görə, hər iki qətnamənin yekdilliklə qəbul olunması  ilk növbədə Fransa Prezidenti Makronun ölkəyə rəhbərliyi dövründə Senat və Milli Assambleyanın Yelisey Sarayının göstərişlərini mütiliklə yerinə yetirən oyuncaq qurumlara çevrildiyini göstərir: "Özünü “demokratiyanın beşiyi” adlandıran Fransada alternativ fikrə, ölkə rəhbərliyinin baxışları ilə üst-üstə düşməyən siyasi baxışlara yer qalmayıb. Hələ 44 günlük müharibənin gedişində Fransada ölkəmizin haqlı mövqeyini dəstəkləməyə cəhd göstərən siyasətçilərin, ictimai-siyasi xadimlərin, elmi tədqiqatçıların və siyasi şərhçilərin təqib olunduğunun şahidi olmuşduq. İş o yerə gəlib çatmışdı ki, münaqişə ilə bağlı ölkəmizin mövqeyi haqqında obyektiv reportaj hazırlamış televiziya jurnalisti sosial şəbəkələrdə hətta ölümlə hədələnmiş və bu təhdidlər reportajın onlayn efirdən silinməsi ilə nəticələnmişdi. Avropaya və dünyaya demokratiya, söz və fikir azadlığı ideyalarından dərs keçməyə iddia edən bir ölkədə baş verənlər dırnaqarası Avropa dəyərlərinin əsl mahiyyətini beləcə ifşa etmişdi".

Deputat bildirib ki, guya Cənubi Qafqazda sülh yaradılmasına xidmət edən, əslində isə növbəti saxtakarlıq nümunəsi olan bu qətnamələr bölgəmizdə sülh yaradılması əleyhinə atılmış riyakar addım kimi qiymətləndirilməlidir. Fransa Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlama da bir daha onu göstərir ki, əslində bu qətnamələr Fransa hökuməti üçün real fəaliyyət təlimatı yox, Azərbaycana qarşı siyasi təzyiq alətidir. Belə riyakar məqsədli qərarlara səs verən fransalı həmkarlarımız isə unudublar ki, Azərbaycan 30 il müddətində heç bir şantaja və təzyiqə boyun əymədi, torpaqlarımızı işğaldan azad etmək üçün öz mübarizəsini sonadək şərəflə apardı və ədaləti bərpa etməklə öz məqsədinə nail oldu: “Hələ noyabrın 16-da Senatın qətnaməsinə cavab olaraq Milli Məclis Bəyanat qəbul etmiş və hökumətimizə Fransa Respublikası ilə siyasi, iqtisadi, mədəni əlaqələrimizə yenidən baxılması, xüsusilə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı aparılan danışıqlar prosesindən Fransanın kənarlaşdırılması haqqında çağırış etmişdi. Milli Məclisin bu çağırışına məhəl qoymayan Fransa Milli Assambleyasının riyakar addımına hələ qətnamə qəbul olunmamışdan iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev layiqincə cavab verdi. Azərbaycan və Ermənistan arasında dekabrın 7-də keçirilməsi nəzərdə tutulan növbəti danışıqlara Prezident Makronun da qatılmaq cəhdlərinə cavab olaraq Prezident İlham Əliyev bu görüşdən imtina etdi. Bununla da Azərbaycan Prezidenti xalqımızın mili maraqlarını və milli qürurunu şərəflə qorudu, həm Ermənistana, həm də onun məkrli himayədarına öz yerini göstərdi. Ona görə də Fransa Milli Assambleyasının budəfəki qərarına növbəti dəfə rəsmi bəyanatla cavab verilməsinə ehtiyac belə yoxdur. Bizim cavabımız işğaldan azad olunmuş ərazilərin tezliklə yenidən qurulub abadlaşdırılmasından, Böyük Qayıdışın uğurla həyata keçirilməsindən və bölgədənkənar güclərə vassallıq etməyə vərdiş etmiş Ermənistanı öz gücümüzlə sülhə məcbur etməkdən ibarət olmalıdır”.
02.12.2022 15:29:00
Oxuma sayı: 1350