Təbii qaz tarifləri: aşağı limit, sıfırlanma və sayğaclar...
Ölçü:


Bu il noyabrın sonuna olan məlumata görə, Azərbaycanda əhali üzrə abonentlərin 59 faizi təbii qazın istifadəsində 1200 kubmetrlik limiti hələ keçməyib.

Koordinat.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev BBC News Azərbaycancaya bildirib.

2021-ci ilin oktyabrından ölkədə qaz istehlakı üzrə əhali qrupuna qaz verilişi ilə bağlı 3 müxtəlif limit tətbiq olunur. Əhali üzrə abonentlərin 5 faizədək hissəsi 2500 kubmetri, 36 faizi isə 1200 kubmetrlik limiti artıq keçib.

Bu il olduğu kimi, gələn il də yanvarın ilk 10 günlüyündə qaz limiti sıfırlanacaq.

Bəs, sıfırlanma nədir, niyə və necə həyata keçirilir? Ümumiyyətlə, qaz istifadəsində limitlər və tariflər nədir? Bəs qaz limitini keçib-keçməmək haqda məlumatı necə əldə etmək olar?

Balansdakı limiti keçib-keçməmək haqda məlumatı haradan almaq olar?
Vətəndaşlar aylıq istifadə etdiyi qazın həcmi, müəyyən olunmuş limitlər, mövcud borcları haqda məlumat almaq üçün “Azəriqaz” İB -nin “Azeriqaz.az” info saytına daxil olub, “Borcunu öyrən” bölməsinə tuşlamalıdır. Daha sonra isə onlar mövcud xanaya abonent kodunu yazıb, istədikləri məlumatla tanış ola bilərlər. Əgər vətəndaşın internetdən istifadə imkanı yoxdursa, o zaman o, yerli Qaz İstismarı İdarəsinə yaxınlaşmaqla abonent kodunu təqdim edib, müvafiq məlumatları öyrənə bilər.

Bundan başqa, “Azəriqaz”-ın qaynar xəttinə zəng etməklə də bu məlumatı öyrənmək mümkündür. Üstəlik, artıq qaz borcu qəbzlərində də limitlə bağlı məlumat əks olunmağa başlayıb. Bunun üçün qəbzin yuxarı hissəsində, abonent məlumatlarının sonuna diqqət etmək lazımdır.

Əhali üçün təbii qaza hansı tariflər tətbiq olunur?
Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin:

    1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik,
    1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik,
    2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.

Bu proses Tarif Şurasının ötən ilin oktyabrında verdiyi qərarla həyata keçirilir. Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərarı təxminən 5 il əvvəl verilib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir m3 üçün qiyməti 10 qəpik olub. Ötən ilin iyulundan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunur. Üçpilləli limitin ilkin pilləsi 1200 kubmetr təyin olunub.

Azərbaycanda təbii qazın qiyməti ötən ilin noyabrından əhali üçün artıb, limit isə aşağı salınıb. Buna qədər 1 kub metri 10 qəpikdən ödənilən illik limit 2200 kubmetr idi.

Təbii qaza tətbiq olunan tariflər kimlərə şamil olunur?
Təbii qaza tətbiq olunan limitlər və tariflər əhali qrupunun bütün sosial qruplarına şamil edilir.

“Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev ötən ilin dekabrında bildirib ki, evin həcmi – kvadrat metri böyük olanlar daha çox “qaz pulu ödəyəcəklər”, çünki böyük evlərdə qaza qoyulan aşağı tarifli limit daha tez bitir və belə abonentlər məcburən yüksək tariflərlə qaz pulu ödəməli olurlar. Ötən ilin axırlarına qədər bu limit daha yüksək idi.

Təbii qazın əhaliyə satışı neçə yolla həyata keçirilir?
Azərbaycanda təbii qazın satışı üzrə tariflər əhali və qeyri-əhali qrupu üzrə fərqli hesablanır. Ölkədə məişət qazı əhali istehlakçı qrupuna iki cür satılır: öncədən pulu ödənməklə – smart tipli sayğaclar vasitəsilə və sonradan ödənməklə – mexaniki sayğaclar vasitəsilə.

Təbii qaza tətbiq olunan limitlərin sıfırlanması nədir?
Ölkədə əhaliyə satılan təbii qazdan güzəştli tariflərlə istifadə üçün ayrılan limiti hər il abonentin bu limiti işlədib-işlətməməsindən, onu aşıb-aşmamasından asılı olmayaraq sıfırlanır. Yəni, bir abonent il ərzində 1200 kub metr və ya 2500 kub metrdən artıq işlətsə də, işlətməsə də ilin əvvəlində onun limiti sıfırlanır.

Hazırda təbii qazdan güzəştli tariflə istifadədə ən aşağı limit 1200 kub metrdir. "Azərqaz" bildirib ki, 1 milyon 300 min əhali-abonentin 30 faizi il ərzində 1200 kubmetrədək qazdan istifadə edir. Amma müstəqil iqtisadçılar hesab edirlər ki, xüsusilə qış aylarında təbii qazla qızdırılan mənzillərdə 1200 kubmetri qısa vaxtda aşmaq mümkündür. Bu isə o deməkdir ki, kiçik mənzillərdə yaşayanlar belə ilin sonuna doğru qazın kubmetrinə ən yaxşı halda bir 20 qəpik, bu limit də artıq keçilibsə, 25 qəpik ödəməli olacaq.

Bundan sonra abonent yenidən işlətdiyi limitdən asılı olaraq, il ərzində bir kub metr üçün 12, 20 və 25 qəpikdən ödəməyə başlayır. Yəni, güzəştli tariflər hər bir abonent üçün yenidən hesablanmağa başlayır. Ötən illərdə aşağı limit 2200 kub metrədək qaldırılsa da, hazırda yenidən 1200 kub metrdir.

Sıfırlanma necə həyata keçirilir?

Təbii qaza tətbiq olunan limitli tariflər sayğacların tipindən asılı olaraq iki cür sıfırlanır.
Smart tipli sayğaclarda sıfırlanma hər il başa çatdıqda avtomatik həyata keçirilir. Mexaniki sayğaclarda isə bu proses “AzəriQaz” əməkdaşlarının müdaxiləsi ilə baş tutur.

“Azəriqaz” sıfırlanmanı yanvar ayının ilk ongünlüyündə həyata keçirir. Qurum rəsmisi Ruslan Əliyev ötəni ilin dekabr ayında sayğacın sıfırlanmasının sürətli həyata keçirilməsini istəyən vətəndaşların yanvar ayının 1-5-i arası öz sayğaclarının fotosunu çəkib, 077 304 104 nömrəsinə göndərməli olduqlarını bildirmişdi. Qurum daha sonra bu prosesin “tələb olmadığını” BBC Azərbaycancaya açıqlamışdı.

“Azəriqaz” sıfırlanma prosesi zamanı abonentin “365 gün limitinin qorunduğunu” açıqlayıb. Limitin sıfırlanması hər il “yanvarın 10-dan növbəti ilin yanvarın 10-dək olan vaxtı” nəzərdə tutur.

“Yəni, biz bu ay yanvarın 1-də başladığımız sıfırlanmanı yanvarın 10-da yekunlaşdıracağıq. Növbəti il də sıfırlanma yanvarın 10-da yekunlaşacaq,” – “Azəriqaz” sözçüsü Eldəniz Vəliyev BBC News Azərbaycancaya deyib.

Qurum rəsmisi abonentləri əmin edir ki, bir şəxsin evindəki “limit hansı gün sıfırlanırsa, gələn ilin limiti də gələn ilin yanvarının həmin günündə sıfırlanacaq”.

O, vətəndaşlardan sıfırlanmanın bir-iki gün ərzində aparılmasının mümkün olmadığını “nəzərə almalarını” istəyib.
02.12.2022 11:14:00
Oxuma sayı: 2778