Paşinyan ABŞ rəsmisi ilə “Bakı-Xankəndi danışıqlarını” müzakirə edib
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 1-də Yerevanda ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə müşaviri Filip Rikeri qəbul edib.

Koordinat.az xəbər verir ki, AzadlıqRadiosunun erməni xidməti görüşün bəzi təfərrüatlarını yazıb. Bildirilir ki, Paşinyan görüş zamanı ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini yüksək qiymətləndirib.

Bu da qeyd olunur ki, Paşinyan və Riker bu görüş zamanı “Qarabağ problemi ilə bağlı məsələləri və Xankəndi ilə Bakı arasında danışıqlar mexanizminin yaradılması” məsələsini müzakirə ediblər. Danışıqlar zamanı Azərbaycan-Ermənistan münasibətləri, regional stabillik və başqa məsələlər diqqət mərkəzində olub.

Azərbaycan tərəfi Ermənistan baş nazirinin ofisindən verilən bu məlumatla bağlı hələ ki, münasibətini bildirməyib. Prezident İlham Əliyev bundan əvvəl verdiyi bəyanatlarda Qarabağ probleminin artıq mövcud olmadığını, ATƏT-in vasitəçiliyinə ehtiyac qalmadığını bildirmişdi. İlham Əliyev Praqada dördtərəfli danışıqlardan əvvəl Paşinyanın Azərbaycan və Qarabağ arasında birbaşa danışıqlar təklifinə belə cavab vermişdi: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır. Onlarla ünsiyyət bizim daxili işimizdir və biz bunu üçüncü bir tərəflə müzakirə etmək niyyətində deyilik”.

Azərbaycan prezidenti noyabrın 28-də habelə Filip Rikeri qəbul etmişdi. Riker bu görüş zamanı vurğulamışdı ki, hazırda hər iki ölkə tərəfindən real, cəsarətli addımları müşahidə edir: “Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir”.

O vaxt AZƏRTAC bildirirdi ki, Əliyev-Riker görüşündə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

Erməni tərəfinin əsas etibarilə “Minsk qrupunun amerikalı həmsədri” kimi təqdim etdiyi Filip Rikerin özü də ötən ay bu məsələyə toxunmuşdu. O ATƏT-in Minsk qrupunun mandatı barədə demişdi: “Məncə iş o həddə çatıb ki, biz bu mandata konsensusla son qoya bilərik”.

Eyni fikirləri dekabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da səsləndirib. O ATƏT-in Minsk qrupunun faktiki olaraq mövcud olmadığını deyib.

Azərbaycan da ATƏT-in Minsk qrupunun vasitəçiliyinin əleyhinədir. Amma Ermənistan, habelə Qarabağ separatçıları əksinə, danışıqların beynəlxalq vasitəçi ilə aparılmasını istədiklərini bəyan edib.
02.12.2022 10:15:00
Oxuma sayı: 1178