Cavanşir Feyziyev: "KTMT dövlət başçılarının birgə bəyanatı Ermənistanı qane etməyibsə, deməli..." - MÜSAHİBƏ
Ölçü:


Son günlər Ermənistan -Azərbaycan sərhəddində, həmçinin Rusiya sülhməramlılarının məsuliyyət zonası olan Qarabağda gərginlik davam edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistandakı iclası məhz belə bir şəraitdə keçirildi. Ermənistanın bu iclasdan gözləntiləri çox olsa da, rəsmi İrəvan istədiyini ala bilmədi. Amma  Ermənistana yardım göstərilməsi ilə bağlı qərar layihəsi KTMT çərçivəsində razılaşdırılıb. Bu qərar nədən ibarətdir və Azərbaycana qarşı hansı addımlar atıla bilər?

Koordinat.az xəbər verir ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev mövzu ilə bağlı fikirlərini ulusal.az-a açıqlayıb. Həmin müsahibəni oxuculara təqdim edirik:

- Cavanşir müəllim İrəvanda keçirilən KTMT-nin iclasında Ermənistana dəstəklə bağlı verilən qərar ölkəmizə hansı  problem yarada bilər?
– İndiyədək verilən olduqca kasad məlumatlardan yalnız o aydındır ki, KTMT dövlət başçılarının İrəvanda keçirilən toplantısında heç bir sənəd qəbul olunmayıb. Birgə Bəyanat layihəsi müzakirə olunub. Amma təşkilatın baş katibi Stanislav Zasın dediyi kimi, qəbul olunması və imzalanması üçün ona müəyyən düzəliş və dəyişikliklərin edilməsinə ehtiyac var. Ermənistan Baş naziri Paşinyanın da hazırkı variantında Bəyanata imza ata bilməyəcəyini deməsi dolayısı ilə bəzi mətləblərdən xəbər verir. İlk növbədə, Birgə Bəyanat layihəsinın Ermənistanı qane etmədiyi bəlli olur. Əgər bu layihə Ermənistanı qane etməyibsə, deməli orada Azərbaycan qoşunlarının 12 may 2021-ci il tarixinə olan mövqelərə geri çəkilməsi haqqında heç nə yoxdur. İndi Ermənistanın bütün platformalarda apardığı danışıqlar zamanı irəli sürdüyü əsas tezis məhz bundan ibarətdir. Çox güman ki, toplantının yekunları ilə bağlı müzakirə olunmuş Birgə Bəyanat layihəsi heç zaman tamamlanmayacaq və imzalanmayacaq. Əsas nəticə ondan ibarətdir ki, Ermənistan bu toplantıdan istədiyi nəticəni ala bilməyib və təşkilata sədrlik isə Belarusa keçib. Mövcud vəziyyət onu göstərir ki, Ermənistan sülh danışıqlarından boyun qaçırmağa və qərb dövlətlərinin bu proseslərə daha çox cəlb olunmasına çalışır. Bu isə ilk növbədə Rusiyanın maraqları ilə birbaşa ziddiyyət təşkil edir. Çünki Rusiya Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsində əldə etdiyi şəriksiz vasitəçilik rolunu heç kimlə bölüşməyə hazır deyil.

- Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycana hansı siyasi-iqtisadi dividentləri gətirə bilər?
– Prezident İlham Əliyevin Serbiyaya səfərini ölkəmizlə Avropa arasında inkişaf etməkdə olan hərtərəfli əməkdaşlığın uğurundan xəbər verir. Serbiya, eləcə də Bosniya və Herseqovina, Monteneqro kimi ölkələr hələlik Avropa İttifaqının üzvləri olmasalar da, yaxın zamanlarda olacaqlarına heç bir şübhə yoxdur. Bu proses hələlik Rusiya – Ukrayna müharibəsi səbəbindən yubanır. Müharibənin başa çatması bu prosesləri də sürətləndirəcək. Bu ölkələrin hər biri ilə indidən əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində qaldırılması yaxın gələcəkdə bütövlükdə Avropa İttifaqı ilə əməkdaşlığımızın da səviyyəsini yüksəltmiş olacaq. Bu ölkələrin hər biri ilə etibarlı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi bizim yaxın gələcək üçün Aİ içərisində dayaqlarımızı daha da möhkəmləndirir. O baxımdan deyə bilərik ki, bu səfər Azərbaycana bir çox siyasi perspektivlər vəd edir. Münasibətlərin iqtisadi tərəfinə gəldikdə, Serbiya və o bölgədə yerləşən digər ölkələrin Azərbaycan enerji resurslarına böyük ehtiyacı var və bu istiiqamətdə danışıqlar çoxdan aparılır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi şəraitində bayaq adlarını sadaladığım bütün ölkələr Azərbaycandan ixrac edilən qaz və elektrik enerjisinin hazır müştəriləridir. Amma qeyri-neft sektorunda əməkdaşlıq imkanları da az deyil və bu gün Serbiyada imzalanan müqavilələr də onu göstərir ki, qarşılıqlı əməkdaşlıq potensialı kifayət qədər genişdir. Prezidentlərin öz açıqlamalarında tezliklə yenidən görüşəcəklərinə ümid etdiklərini açıqlaması da onu göstərir ki, üzərində işlənilən, amma hələ tam hazır olmayan əməkdaşlıq sahələri də var ki, bu da tezliklə yenidən görüşmək zərurəti yaradır.

- Son günlər ermənilər Qarabağda tez-tez atəşkəsi pozurlar. Bu Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Azərbaycan Qarabağda sülhü bərpa etmək üçün anti-terror əməliyyatı keçirə bilərmi?
- Qarabağda və ya Ermənistanla sərhəd bölgələrdə ermənilər tərəfindən atəşkəsin pozulması təxribat xarakteri daşıyır. Ermənilər bu təxribatlarla Azərbaycan hərbiçilərini öz üzərinə hücuma sövq edirlər. Məqsədləri Azərbaycanın bəyan etdiyi kimi, münaqişənin tam aradan qalxmadığını göstərmək və bu bəhanələrlə Ermənistan – Azərbaycan münasibətlərinin tənzimlənməsini yenidən beynəlmiləlləşdirmək və Rusiyanın nəzarətindən çıxarmaqdır. Çox güman ki, bu ssenarinin arxasında Fransanın da rejissorluq fəaliyyəti var. O ki qaldı Azərbaycanın Qarabağ ərazisində anti-terror əməliyyatları keçirməsinə, beynəlxalq hüquq və milli qanunvericiliyimiz bu kimi əməliyyatları mümkün hesab edir. Amma bu hüquqdan nə vaxt və necə yararlanmaq lazımdır, o barədə qərarı ölkə başçısı, Ali Baş Komandan qəbul edir. Əminəm ki, buna zərurət və uyğun şərait yarandığı an Prezident belə bir qərar verməyə bir an belə tərəddüd etməyəcək.
24.11.2022 10:53:00
Oxuma sayı: 346