Maliyyə Bazarlarına Nəzarət Palatası kimə etibar ediləcək?
Ölçü:

 
Prezident İlham Əliyevin oktyabrın 4-də təsdiqlədiyi yeni nizamnaməyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir.

Nəticə etibarilə Direktorlar Şurasının sədri Rüfət Aslanlı da vəzifəsini itirmiş hesab olunur.

Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi.

Hazırda isə İdarə Heyətinin sədri vəzifəsini İbrahim Alışov icra edir. Onun İdarə Heyətinin sədri vəzifəsinə təyinatı ilə bağlı ölkə başçısı tərəfindən sərəncam imzalanacağı gözlənilir.

Koordinat.az xəbər verir ki, Məsələ ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bu, dövlət başçısının səlahiyyətində olan məsələdir:

“Mən hesab edirəm ki, Prezident bu barədə özü qərar verəcək. Konkret olaraq İbrahim Alışovla bağlı onu deyə bilərəm ki, o, problemlərin həlli istiqamətində çalışır”.

V.Əhmədov bunu Palataya etdiyi müraciətlərə raeksiya verilməsilə əsaslandırıb:

“Mənə seçicilərimdən banklarla bağlı çox sayda şikayətlər daxil olur. Hələlik İbrahim Alışovun bizim müarciətlərimizə reaksiyası müsbətdir. Ona görə də ona etimad göstəriləcəyinə inanıram. Amma təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir”.
11.10.2018 12:10:09
Oxuma sayı: 177