YAP-çı deputat: "İlqar Məmmədovun təcili azad olunması tələbi yolverilməzdir"
Ölçü:


Avropa Şurası Nazirlər Komitəsi hesab edir ki, Azərbaycan hökumətinin REAL Hərəkatının sədri İlqar Məmmədova qarşı ittihamlarının heç bir əsası yoxdur.

Koordinat.az xəbər verir ki, Nazirlər Komitəsi İlqar Məmmədov hələ də azad olunmadığına görə onun  işinin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib. Məhkəmə əvvəlki qərarın yerinə yetirilməməsinin Konvensiyanın pozulması sayılmasına dair daha bir qərar qəbul edəcək.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətə üstünlük verir: “Amma çox təəssüf ki, Avropa Şurasının hazırkı rəhbərliyi Azərbaycana qarşı çox aqressiv münasibət sərgiləməkdədir. Azərbaycan olmayan məsələlərdə ittiham edilir, ölkəmizə qarşı təhdidlər irəli sürülür. Sanki Azərbaycanın taleyi Avropa Şurasının ona münasibətindən asılıdır. Azərbaycan Avropa Şurasına könüllü surətdə qəbul olunub, bu cür təhdid və təzyiqləri qəbul etmir”.

Aydın Mirzəzadə bildirib ki, Azərbaycan öz vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsində daha çox maraqlıdır: “Məhkəmə qərarı ilə həbs edilmiş bir nəfər Azərbaycan vətəndaşının məsələsini mühüm bir hadisə kimi beynəlxalq səviyyəyə qaldırmaq, onun təcili surətdə, hüquqi prosedur qaydalarını pozaraq, azad olunması tələbi yolverilməzdir. Azərbaycan bu cür münasibəti qəbul etmir. Avropa Şurasının bu cür münasibətini şərh edərkən, prezident İlham Əliyev bildirmişdi ki, “Azərbaycan Avropa Şurasından çıxarsa, nə itirəcək, nə də qazanacaq”. Bu səbəbdən də biz Avropa Şurasında olmaqda və münasibətlərdə maraqlıyıq. Heç bir zaman Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı təhdidləri qəbul etmirik. Biz dövlət kimi vətəndaşlarımızın hüquqlarının qorunmasının Avropa Şurasından daha çox marağındayıq. Dövlətimizin marağıdır ki, bu gün vətəndaşlarımızın təhlükəsizliyi qorunur, onların hüquqlarına, sosial problemlərinin həllinə diqqət ayrılır. Vətəndaşlarımızın 1 milyon 200 min nəfəri işğal olunmuş zonadan məcburi köçkün düşüb və onların yükü dövlətimizin çiyinlərindədir. Nədənsə, Avropa Şurası həmin 1milyon 200 min nəfərin taleyilə maraqlanmır. Nədənsə, Azərbaycanın torpaqlarının müəyyən hissəsinin işğalda olmasının səbəbini Ermənistandan bir dəfə də olsun soruşmur. Bu cür münasibəti qəbul etmək olmaz. Bununla belə, dövlətimiz istənilən məsələnin qarşılıqlı maraqlarla, beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməsində həmişə maraqlıdır”.

Xatırladaq ki, REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
07.12.2017 12:31:13
Oxuma sayı: 84