Vergi qanunvericiliyində nə dəyişir - Mikayıl Cabbarov açıqladı
Ölçü:


"Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsi, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsindən ibarətdir".

Koordinat.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirib. Nazir bu dəyişikliklər sırasında digər orqanlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı prezidentin dəstəyinə ehtiyac olduğunu söyləyib: "Cənab Prezident, bu dəyişikliklər sırasında digər orqanlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı Sizin dəstəyinizə ehtiyacımız var. Bu məlumatlara çıxış vergi ödəyicilərinə keyfiyyətli xidmətin göstərilməsi ilə yanaşı, fəaliyyətimizi daha da məhsuldar edəcək. Vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq".

Nazir deyib ki, sistemli yanaşmanı təmin etmək üçün vergi güzəştlərinin dövlət büdcəsinin yığımına təsirinin əvvəlcədən hesablanması və effektivliyinin müəyyən müddətdən sonra qiymətləndirilməsi metodikasının işlənilməsi təklif olunur. Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergi ödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi yenilikləri də qeyd etmək vacibdir.

"Tapşırığınıza əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı hazırladığımız dəyişikliklər sırasında xüsusi yer tutur. Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır. İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur. Güman edirik ki, islahat nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq. Bu proses iqtisadi artıma da öz müsbət təsirini göstərəcək. Vergi sahəsində aparılan islahatlar, biznes mühitinin cəlbediciliyinin artırılması üçün həyata keçirilən tədbirlər, informasiya texnologiyalarına əsaslanan vergi inzibatçılığının formalaşdırılması sahibkarlığın inkişafına, ölkəmizin tərəqqisi naminə biznes və vergi orqanlarının səmərəli əməkdaşlığına öz töhfəsini verəcək” - deyə, Mikayıl Cabbarov bildirib.
09.10.2018 20:14:00
Oxuma sayı: 562