Sumqayıtda “Müəllimlər günü” üçün pulyığma kampaniyası
Ölçü:


Sumqayıt məktəblərində artıq illərdir ənənə halını almış pulyığma kampaniysı bu gün də aktuallığını saxlamaqdadır... Mövzu olaraq gündəmin mərkəzində dayanan bu hal dəfələrlə diqqətlərə çatdırılsa da dəyişən heç nə yoxdur.

Hər kəsə gün kimi aydındı ki, aldığı məvacib müəllimin normal dolana bilməsi üçün yetərli deyil. Müəllimin zəhmətinin çox az hissəsini qarşılayan cüzi maaşla bazar qiymətləri arasındakı fərq müqayisəolunmazdır. Çətin dolanışıq nəticədə müəllimi repetitor fəaliyyəti və əlavə fiziki işlə məşğul olmağa sövq edir.

Bu gün təhsilin ikişafı sahəsində görülən işlər və atılan addımlar olduqca təqdirəlayqdir. Zəruri sayılan yeni məktəb binalarının tikilməsi, müasir tədris metodikalarının və yeni texnologiyaların tətbiqi uğur və nailiyyətlərin əldə olunmasına yol açan amillədir. Ancaq bu görülən işlərə, atılan addımlara xələl gətirən, kölgə salan qədərincə neqativ hallar mövcuddur ki, bunun da qarşısı alınmır, ya da alına bilmir. Bu gün şəhər və rayonlarımızın orta məktəblərində müxtəlif səbəb və bəhanələrlə mütəmadi olaraq külli miqdarda pul yığılır. Bu heç bir direktora, yaxud az məvacib alan müəllimə haqq vermir ki, şagirddən pul istəsin, valideynin cibinə girsin.

Bütün qadağalara, tapşırıqlara baxmayaraq, bu günlərdə də direktorların “xüsusi tapşırığına” əsasən orta məktəblərdə şıdırğı “pulyığma kampaniyası” start götürüb. Hətta, işlərini etibarlı və operativ həyata keçirən bir çox məktəblərdə “bu qarşısıalınmaz və təxirəsalınmaz iş” başa çatıb, hər kəs öz payını götürüb, oturub. Apardığı kiçik araşdırma göstərdi ki, aidiyyatı qurumların xəbərdarlığına baxmayaraq, Sumqayıtdakı orta məktəblərin əksəriyyətində “xüsusi təlim” əsasında “Müəllimlər günü” münasibətilə pulyığma kampaniyası çox ustalıqla və “xətalara” yol verilmədən həyata keçirilir. Bu iş əsasən olduqca təcrübəli və peşəkarlara tapşırılır ki, “humanitar aksiyanı” səssiz-küysüz həyata keçirsinlər. Ancaq şair demiş, “qırqovul başını kolda gizlədib, amma quyruğundan xəbəri yoxdur”. Nə qədər ustalıq nümayiş etdirsələr də, “ev bizim, sirr bizim” məsəli fayda vermir. Məktəbdə pul yığıldığını çöldə də hər kəs bilir. Ancaq təəssüf ki, buna bir əncam çəkilmir. Niyəsini isə biz də bilmirik...Təssüf doğuran digər məsələ isə məktəblərdə bu iyrənc addımın valideyn komitəsinin sədrinin əli ilə həyata keçirilməsidir. “Peşəkar direktorlar” özlərinə sərf edən, onların dedikləri ilə oturub-duran valideyni sözügedən komitəyə sədr “seçdirir” və bununla da işini asanlaşdırır. Valideynlərə qarşı soyğunçuluğu həmin “sədr”lərin vasitəsi ilə asan həyata keçirirlər. Bizim işimiz yazmaq, bu xoşa gəlməz halı ictimailəşdirməkdir. Tədbir görmək isə aidiyyatı qurumların borcudur. İnanırıq ki, Sumqayıt şəhər Təhsil Şöbəsi valideynləri narazı salan, məktəblərdə neqativ hallara rəvac verən direktor və müəllimlər barədə tezliklə hər-hansı bir tədbir görəcək! Onu da vurğulayaq ki, Sumqayıt məktəblərində “qiymətlər” müxtəlifdir. Bu, məktəbin yerləşdiyi ərazidən, çəkisindən, direktorun “xüsusi hörmətindən” asılıdır. Hər şagirdin valideyni “Müəllimlər Günü”ndə 15, 20, 30... manata qədər pul ödəməlidir.

P.S. Əziz valideynlər, bu işdə sizin də günahınız və yanlışlığınız çoxdur. Siz hansısa direktora, müəllimə pul verməyə, hədiyyə almağa borclu deyilsiz. Həm də belə addım atmağı özünüzə rəva bilməyin. Sizin övladınızdan, özünüzdən pul istənilən təqdirdə, lazimi qurumlara məlumat verin, narazılığınızın ünvanına çatdırılması üçün mətbuat orqanlarına müraciət edin. Bu virusdan, neqativ hallardan canımızı qurtarmaq üçün birgə mübarizə aparaq.

Müqəddəs peşə sahibləri olan müəllimlərimizi qarşıdan gələn "Müəllimlər Günü" münasibətilə təbrik edir, işlərində və həyatlarında uğurlar diləyirik.

03.10.2018 14:37:24
Oxuma sayı: 166