8 xarici telekanal “Azerspace-1” üzərindən yayıma başladı
Ölçü:


Qırğızıstanın 5 televiziya - "New  TV ( HD )", "ON1 TV", "Kanal 7 TV", "TNT Aziya TV" və "RTV" kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

"Azərkosmos" ASC-dən Koordinat.az-a verilən məlumata görə, qurumla kanallar arasında imzalanan müqaviləyə əsasən, sözügedən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş etdirilir. Televiziya kanalları 11015/H/13000 tezliyi ilə yayımlanır.

Həmçinin, Türkiyənin iki televiziya - "ARAS TV" və "Kanal C" kanalları "Azerspace-1" peyki üzərindən 11027/H/7500 və Gürcüstanın “İBERİA TV” kanalı 11095/H/30000 tezlikləri ilə yayıma başlayıb.

 Qeyd edək ki, noyabr ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş, ölkənin yeni seçilmiş prezidentinin andiçmə mərasimi “Azerspace-1 peykinin resurslarından istifadə olunmaqla Qırğızıstan Dövlət Televiziyası – KTRK TV vasitəsilə canlı yayımlanıb.

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli  Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı “www.azercosmos.com”  internet səhifəsindən ala bilərsiniz.
 
06.12.2017 17:37:32
Oxuma sayı: 21547