Kimi özümüzə təhlükə görürük: Amerika, Kreml, “pozğun” Avropa, beşinci kolon, yoxsa...? – Məşhur rus jurnalistin qeydləri
Ölçü:


Bu mətn məşhur sovet jurnalisti Yeqor Yakovlevin oğlu, “Kommersant” qəzetinin qurucusu və ilk baş redaktoru Vladimir Yakovlev tərəfindən yazılıb.

Koordinat.az Tariyel Süleymanın ruscadan Azərbaycan dilinə tərcümə etdiyi həmin yazını oxuculara təqdim edir:

Mənə babamın adını qoyublar.

Babam Vladimir Yakovlev qatil, əliqanlı cəllad, çekist olub. Onun çoxsaylı qurbanları içərisində... doğma valideynləri də vardı.

Babam öz atasını güllələmişdi spekulyasiyaya görə. Babamın anası bunu eşidib, özünü asmışdı.

Mənim ən xoşbəxt uşaqlıq xatirələrim Novokuznetskidəki geniş mənzilimizlə bağlıdı. Sonralar öyrəndim ki, bu mənzili nə satın almışıq, nə də tikmişik, sadəcə müsadirə edilib – daha doğrusu, varlı bir tacir ailəsindən zorla alınıb.

Onu da öyrəndim ki, çox sevdiyim nənəm həyatının böyük hissəsini peşəkar agent-provokator işləyib. Özünün zadəgan əsil-nəcabətindən istifadə edərək tanışları ilə əlaqələr qurar və onları səmimi etiraflara təhrik edərmiş. Həmin söhbətlərin əsasında xidməti donoslar yazarmış.

Nənəmin oxuduğu nağıllara qulaq asarkən oturduğum divan, kreslo və mənzilimizdəki bütün mebelləri nə babam, nə də nənəm almışdı. Onları güllələnmiş moskvalıların mənzillərindən toplanmış əşyaların yığıldığı xüsusi anbardan seçib gətirmişdilər.

Çekistlər öz mənzillərini bu anbardan pulsuz təmin edirdilər.

Beləcə, mənim xoşbəxt uşaqlıq xatirələrim incə bir qəflət pərdəsi altında soyğun, qətl, şiddət və xəyanət ruhu ilə bəslənib.

Təkcə mənmi?

Biz hamımız – Rusiyada böyüyənlər – qurbanların və cəlladların nəvələriyik. Hamımız. Heç kəs istisna deyil. Sizin ailədə qurbanlar olmayıb? Deməli, cəlladlar olub. Cəlladlar olmayıb? Deməli, qurbanlar olub. Nə qurban, nə də cəllad olmayıbsa, demək, sirr var.

Əsla şübhə etməyin!

Rusiyanın keçmiş faciələrinin miqyasını qiymətləndirərkən, biz adətən ölüləri sayırıq. Lakin bu faciələrin gələcək nəsillərin psixikasına təsirini ölçmək üçün ölüləri deyil, sağ qalanları saymaq lazımdır.
Ölənlər öldü. Sağ qalanlar – bizim ata-babalarımız oldu.

Sağ qalanlar kimlər idi? Dullar, yetim qalmışlar, sevdiklərini itirənlər, köçürülənlər, sürgün edilənlər, ölkədən qovulanlar, öz xilası üçün öldürənlər, xəyanətkarlar, vicdanını satanlar, cəllada çevrilənlər, əzab verilmişlər və işgəncə verənlər, təcavüzə məruz qalmışlar, şikəst olunmuşlar, talan edilmişlər, donos yazmağa məcbur qalmışlar, alçaldılmışlar, ölümcül aclıqdan, əsirlikdən, düşərgələrdən keçənlər...

Ölənlər
– on milyonlarladır. Sağ qalanlar – 100 milyonlar. O yüz milyonlar ki, öz qorxularını, acılarını, daimi təhdid hisslərini uşaqlara ötürdülər, onlar da həmin ağrılara öz əzablarını əlavə edib, bu qorxularla bizi yoluxdurdular.

Statistik olaraq, bugünkü Rusiyada elə bir ailə yoxdur ki, bir əsr ərzində ölkədə davam edən misli görünməmiş vəhşiliyin ağır nəticələrini bu və ya digər şəkildə özündə daşımasın.

Nə vaxtsa düşündünüzmü ki, əcdadınızın üç ardıcıl nəslinin bu həyat təcrübəsi sizin şəxsi dünyagörüşünüzə nə dərəcədə təsir edir? Bəs, uşaqlarınıza necə?

Düşünün!

Öz ailəmizin tarixini başa düşmək üçün mənə illər lazım oldu. Amma indi mən çox yaxşı bilirəm ki, mənim səbəbsiz qorxularımın, kimsəyə etibar etməməyimin və yaxın əlaqələr qura bilməməyimin kökü hardadı... Yaxud uşaq yaşlarımdan mənə əziyyət verən daimi günahkarlıq hissi nədən törəyib...

Məktəbdə bizə alman faşistlərinin vəhşilikləri barədə danışardılar. İnstitutda – Çin xunveybinlərinin və ya Kamboca kxmerlərinin pozğunluqları haqqında.

Laki bizə deməyi unutdular ki, genosidin miqyası və davamlılığı baxımından insanlıq tarixində ən dəhşətli zona bizim öz ölkəmizdi, nəinki Almaniya, Çin və ya Kamboca...

Bizə çox vaxt elə gəlir ki, keçmişdən qorunmağın ən yaxşı üsulu onu qurdalamamaqdır, ailənin tarixini eşələyib, doğmalarımızın başına gələn faciələri öyrənməməkdir.

Bizə elə gəlir ki, ən yaxşısı – bilməməkdir. Əslində isə bu, çox pisdir.
O şeyi ki bilmirik, onlar uşaqlıq xatirələri ilə, valideynlərimizlə ünsiyyət vasitəsilə bizə təsirini göstərməkdə davam edir. Bilmədiyimiz üçün biz bu təsiri dərk eləmirik və bu səbəbdən ona müqavimət göstərməkdə acizik.

İrsi travmanın ən dəhşətli nəticəsi – onu dərk etməkdə aciz olmaq və bu travmanın bugünkü gerçəkliyi dərk etməyimizə nə dərəcədə mane olmasını bilməməkdir.

Bu gün bizim hər birimiz üçün bu qorxunu təcəssüm etdirən şey nədir, kimi təhlükə olaraq görürük – Amerika, Kreml, “pozğun” Avropa, beşinci kolon və ya sadəcə iş yerindəki rəis, yaxud metro qarşısındakı polis? Bu, vacib deyil.

Vacib olan bir şeydir: dərk edirikmi ki, bizim bugünkü qorxularımız, xarici təhlükə hissi, əslində, keçmişin vahiməsi, qarabasmasıdır? O keçmişin ki, varlığını qəbul etməkdən belə, qorxuruq...

P.S. 1919-cu ildə, xarabalıq və aclıq dövründə mənim qatil babam vərəmdən ölürmüş. Onu ölümdən Feliks Dzerjinski qurtarıb – “xüsusi” anbardan gətirdiyi bir yeşik yağ içində siyənək balıqları ilə. Babam o balıqlarla bir ay qidalanmış və yalnız bunun sayəsində sağ qalmışdı.
İndi demək olarmı ki, mən öz həyatımı Dzerjinskiyə borcluyam? Əgər elədirsə, mən belə keçmişlə necə yaşayım?..

02.10.2018 11:36:00
Oxuma sayı: 18468