Politoloq Qarabağa vəsait ayrılması təklifini dəstəklədi: "Bu, bir mesajdır"
Ölçü:


“Biz büdcədən Dağlıq Qarabağa vəsait  ayırmaqla göstəririk ki, həmin ərazilər doğrudan da bizə məxsusdur, Azərbaycan büdcəsindən maliyyələşməlidir və Ermənistanla bağlılığı yoxdur".

Koordinat.az xəbər verir ki, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deputat Zahid Orucun Dağlıq Qarabağa büdcədən vəsait ayrılmasına dair təklifinə münasibət bildirərkən söyləyib. Politoloq Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dövlət büdcəsindən Dağlıq Qarabağa vəsait ayrılması bir jestdir və mesaj ola bilər: "Ancaq o demək deyil ki, biz separatçılara pul ayıracağıq. Dağlıq Qarabağda oturanlar Azərbaycan qanunlarını tanıdığı, ərazi bütövlüyümüzə razılıq verdiyi halda bu çağırışlar avtomatik reallığa çevriləcək. Zahid Orucun  dediyi kimi, necə ki, bu gün Naxçıvan Muxtar Respublikasına maliyyə ayırırıq, eynilə Dağlıq Qarabağ üçün də büdcə formalaşacaq. Bunlar tam normal məsələlərdir və bunun üçün indidən addım atılmasına da müsbət baxıram. Əslində bu, beynəlxalq aləmə ünvanlanmış mesajdır. Yəni biz Dağlıq Qarabağı özümüzünkü sayırıq və vətəndaşlar da Azərbaycan büdcəsindən maliyyələşməlidir. Amma bunun üçün Ermənistan qoşunları həmin ərazidən çıxarılmalıdır. Biz  Dağlıq Qarabağı maliyyələşdirməyə hazırıq, yetər ki, işğala son qoyulsun”. .

Xatırladaq ki, deputat Zahid Oruc 2018-cil dövlət büdcə layihəsinin müzakirəsi zamanı Dağlıq Qarabağ da vəsait ayrılmasını təklif edib: "Bir sətir ilə büdcə sistemində Dağlıq Qarabağa ayırmaları qeyd etməliyik. Dağlıq Qarabağ erməni işğalı altındadır, ona görə də bu proses baş tutmayacaq. Biz ABŞ və digər ölkələrə etiraz edirik ki, 23-24 il ərzində, təxminən, 250 milyon dollara yaxın vəsait ayrılıb. Biz ona etiraz edəndə, dünya ölkələrinə rahatlıqla təqdim edə bilərik ki, Azərbaycanda büdcədən Naxçıvan Muxtar Respublikasına olduğu kimi, Dağlıq Qarabağa da vəsait ayırıb. Amma məsələ işğal reallığına görə işləmir”.

07.11.2017 14:52:00
Oxuma sayı: 1369