Eldar Namazov Paşinyanın bəyanatları barədə: “Nazirlərin görüşlərinə nöqtə qoymaq lazımdır”
Ölçü:


“Burada əsas məsələ gedən çox ciddi siyasi prosesdir. Bu prosesin də sonunda Azərbaycan ordusunun işğal olunmuş Azərbaycan ərazilərini azad etməsi üçün yaranmış böyük imkanlardır. Buna diplomatiyada “imkanlar pəncərəsi” deyirlər. Məncə, biz bu haqda söhbət etməliyik. Ona görə ki, artıq nə Paşinyanla, nə Ermənistan XİN başçısı ilə Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan nəticə gözləmək, onu şərh etmək artıq mənasız görünür”.

Koordinat.az xəbər verir ki, bunu politoloq Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışına münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Paşinyanın BMT tribunasından təhdidlə danışandan bir neçə saat sonra keçirilən nazirlərin görüşü də tamamilə mənasızdır: “Paşinyanın “Dağlıq Qarabağ ətrafındakı 7 rayon artıq Dağlıq Qarabağa birləşdirilib” və həmçinin “Dağlıq Qarabağ 7 rayonla birlikdə Ermənistanla birləşməlidir” məzmunlu məlum bəyanatlarından sonra artıq Minsk Qrupunun həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin görüşlərinə nöqtə qoymaq lazımdır. Paşinyan faktiki olaraq bütün dünyaya açıq bəyan edir ki, Azərbaycanın  güc tətbiq etməkdən, işğal olunmuş torpaqlarını azad etməkdən başqa çıxış yolu yoxdur. Paşinyan bunu bizim əvəzimizdən bütün dünyaya bəyan və sübut edir. Odur ki, bizim əsas müzakirələrimiz gərək bunun ətrafında getsin”.

Eldar Namazov hesab edir ki, Azərbaycanın bu konflikt yaranandan bəri daim beynəlxalq hüquq normalarına görə öz torpaqlarını güc tətbiq etməklə azad etməyə tam hüquqları çatır: “Ancaq bunu reallaşdırmaq üçün bir neçə başqa şərtlər də lazımdır.  Mən ən azı 3 şərt qeyd edə bilərəm ki, biz ona da nail olmalıydıq.  Birincisi, biz Azərbaycan ordusunu gücləndirib, modernləşdirib torpaqları azad etməyə qadir olduğunu ortalığa qoymalıydıq. 1994-cü ildə son döyüşlər və ermənilərin şiddətli hücumları Tərtər istiqamətində oldu, Azərbaycan ordusu bütün bu hücumları dəf elədi, sonda “atəşkəs” imzalandı. Ancaq o dövrdə belə bir təsəvvür yaranmışdı ki, Azərbaycanla Ermənistan arasında hərbi paritet mövcuddur. Bu pariteti sındırmaq, Azərbaycan ordusunu moderinləşdirmək üçün bizim imkanlarımız yalnız 2000-ci illərin ortalarında böyük neft gəlirləri gələndən sonra oldu. 2016-cı ilin aprel döyüşləri zamanı artıq bu, bir fakt kimi ortalığa qoyuldu.

İkinci şərt
bu idi ki, Ermənistanın arxasında daim Rusiya dayanırdı. Rusiya Ermənistana hərbi təhlükəsizlik qarantiyasını verirdi, eyni zamanda Rusiyanın dəstəyi ilə o torpaqların işğalı davam edirdi.

Bu şərtlərin də dəyişməsi çox vacib idi ki, Rusiya bu məsələdə ya neytral mövqe tutsun, ya da ədalət tərəfindən çıxış etsin. Uzun illərdir bu, baş vermirdi. Ancaq son illərdə Azərbaycanla Rusiyanın yaxınlaşması prosesi getdi və əksinə, Rusiya-Ermənistan münasibətlərində çox ciddi problemlər yarandı, Paşinyan hakimiyyətə gələndən sonra isə bu münasibətlər artıq düşmənçilik səviyyəsinə qalxır. Ona görə ki, Paşinyan hakimiyyəti, faktiki olaraq, Putinin özünə ən böyük düşmən saydığı Aleksey Navalnı modelidir. Onun dəst-xətti də, verdiyi bəyanatlar, suallar da tamamilə eynidir. Ona görə də Ermənistanda belə bir hakimiyyətin möhkəmlənməsi, faktiki olaraq, Putin hakimiyyətinə ən böyük təhlükədir. Ona görə də Rusiya-Ermənistan münasibətləri addım-addım pisləşməyə davam edir və bu da Azərbaycana Qarabağ məsələsində Rusiya amilini neytrallaşdırmaq üçün yaxşı imkanlar yaradır.

Üçüncü şərtə gəldikdə, ümumiyyətlə, dünya ictimaiyyətini inandırmaq lazım idi ki, ermənilər danışıqlar yolu ilə o torpaqları azad etməyəcəklər, bu danışıqlar imitasiya xarakteri daşıyır. Bunu Amerika, Avropa, bütün dünya anlamalı və qəbul etməli idi ki, Azərbaycanın güc tətbiq etməyə nəinki hüququ çatır, eyni zamanda artıq başqa yolu da yoxdur. Bu, çox vacibdir. Ona görə ki, biz hərbi əməliyyatları keçirəndə həm o əməliyyatlar uğurlu olmalıdır, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qəbul olunmalıdır. Bu məsələdə də artıq çox ciddi dəyişikliklər baş verir. Çünki Ermənistanın əvvəlki hakimiyyəti komsomol və partiya məktəbini keçmiş, siyasi intriqalarda çox təcrübəli olan Köçəryan və Sərkisyan hakimiyyəti daim dünyanı aldadırdı ki, danışıqlar aparırıq, razılaşmaya yaxınıq və s. Ancaq Paşinyan hakimiyyətə gələndən sonra açıq bəyan etdi ki, 7 rayon da artıq Dağlıq Qarabağa “birləşib” və Dağlıq Qarabağ da həmin 7 rayonla birlikdə Ermənistanın tərkibinə daxil olmalıdır. Demək olar ki, Paşinyan bizim əvəzimizə bütün dünyanı inandırdı ki, Azərbaycanın güc tətbiq etməkdən başqa yolu qalmır.

Bütün bu prosesə baxanda biz görürük ki, artıq “imkanlar pəncərəsi” deyilən anlayış indi yaranıb. Həm Azərbaycan ordusu tam üstünlüyünü sübut edib və torpaqları azad etməyə qadirdir, həm Rusiya Ermənistan üzərindəki hərbi qarantiyasını artıq aradan qaldıra bilər, eyni zamanda beynəlxalq ictimaiyyət də başa düşür ki, Paşinyanın verdiyi bəyanatlarla hansısa sülh danışıqları aparmağın mənası yoxdur. Bizim üçün bu proses çox önəmlidir. Yoxsa Minsk Qrupunun həmsədrləri harada görüş təşkil etdilər, bizim xarici işlər naziri erməni həmkarı ilə harada danışdı, nə etdi, bunlar artıq mənasız xarakter daşıyır”.

27.09.2018 10:27:53
Oxuma sayı: 845