“Azerspace-2”ni hansı perspektivlər gözləyir- Osman Gündüz yazır
Ölçü:


Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Azərbaycanın növbəti telekommunikasiya peyki – “Azerspace-2”in orbitə qaldırılması ilə bağlı fikirlərini açıqlayıb.

Koordinat.az
ekspertin şərhini oxuculara təqdim edir:

1. Əhəmiyyəti

Düşünürəm ki, Azərbaycanın imici, peyk ailəsində öz yerini möhkəmləndirməsi baxımından xeyli əhəmiyyətlidir. Həmçinin, milli kosmik infrastrukturun inkişafı dolayısıyla digər sahələrin, bu sahə ilə əlaqəli kadrların hazırlanmasına, sahə ilə bağlı elmin və innovasiyaların inkişafına və beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərir.

2. Risklər


Bu sahədə risklər çox böyükdür. Necə deyərlər, göydə də resurslar zamanında zəbt olunub, yerlər tutulub. Ciddi rəqabət var. Eyni zamanda peyklərin də ömrü xeyli məhduddur. Yəni, yüz milyonlarla xərc çəkilən peykin cəmi 15 il ömrü var. Həm də normal fəaliyyət üçün bir peyk yetərli, dayanıqlı olmur. Adətən, müştərilər bir peyki olanla deyil, çoxlu sayda peyki olanlarla müqavilə bağlayırlar. Deməli, bir peyk buraxan məcburdur ki, xidmətini satmaq üçün yenisini də buraxsın və bu halda xərclər də artmış olur.

Odur ki, fikrimcə, “Azərkosmos”-un işi əslində elə indi başlayır. Ki, hər iki peykin xidmətini satmaq üçün “yağlı” müştərilər tapsın, yeni xidmətlər hazırlasın, əməkdaşlıqları gücləndirsin. Əks halda, qoyulan xərcin bəlli bir müddətdə çıxarılmaması kimi böyük risk qarşıdadır.

3. Peyk interneti


Peyk interneti kifayət qədər baha olduğundan heç kim ondan istifadədə maraqlı olmur. Bu baxımdan, bizim peykin də cüzi bir internet tutumu var ki, ondan da yalnız fövqalədə hallarda istifadə oluna bilər. Yəni, peykdən internetin inkişafını gözləmək sadəlövhlükdür.

Bildiyim qədər, “Azərkosmos” öz ofisində istifadə üçün zəruri olan interneti öz peykindən deyil, Bakıdan Şamaxıyadək olan yol boyu “Aztelekom” və ya “Delta”-nın çəkdiyi yeraltı fiber-optikdən alır.

4. Perspektiv.

Hazırda telekommunikasiya xidməti verən peyklər cəlbedici və biznes baxımından uğurlu hesab olunmur.  Çünki artıq dünyada yerüstü telekommunikasiya infrastrukturu yetərincə inkişaf edib və siqnalı daha ucuz və keyfiyyətli formada, elə göyə çıxartmadan yerdən göndərmək sərf edir.

Bu baxımdan, düşünürəm ki, gələcəkdə telekommunikasiya yönümlü deyil, elmi və bizes yönümlü, yerin səthinin öyrənilməsi ilə bağlı, kəşfiyyat yönümlü peyklərə diqqət göstərmək, həm də təklikdə deyil, digər ölkələrlə birgə layihə çərçivəsində iştirak etmək daha doğru olardı.

27.09.2018 09:45:14
Oxuma sayı: 727