Hökumət İntiqam Əliyevə 26 min avro təzminat ödəyəcək
Ölçü:


Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi hüquqşünas İntiqam Əliyevin 2014-cü ildə bir sıra hüquqlarının pozulmasını tanıyıb.

Koordinat.az
xəbər verir ki, məhkəmə Avropa Konvensiyasının 4 maddəsi üzrə pozuntunu tanıyıb. Qərarda deyilir ki, şikayətçinin azadlıq hüququ, şəxsi həyatın toxunulmazlığı hüququ pozulub, qanunsuz müdaxiləyə məruz qalıb.

Şikayətçi özəlliklə saxlanma şəraitinin qeyri-insani və alçaldıcı davranışa bərabər olmasından, həbsdə yetərli tibbi yardım almamasından, həbsinin və barəsindəki həbs qətimkan tədbirinin əsaslandırılmamasından, özəl həyatına sayqı, yazışma, sərbəst birləşmə hüquqlarına müdaxilələrin əsaslandırılmamasından şikayətlənirdi.

Məhkəmə ərizəçinin saxlanma zamanı tibbi müalicə almaq hüququnun pozulmadığını, amma saxlanma şəraitilə bağlı pozuntunun olduğunu bildirir.

Qərarda Konvensiyanın 3, 5, 8, və 18-ci maddələrinin pozulduğu qeyd olunur.

Azərbaycan hökuməti ərizəçiyə dəyən mənəvi ziyana görə 20 min avro, maddi xərclərə görə isə 6 min 150 avro ödəməlidir. Ərizədə mənəvi ziyana görə 40 min avro təzminat istənilirdi.

Xatırladaq ki, İ.Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidentidir. O, 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla üzləşən hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlamışdı. O, ittihamları rədd edirdi və insan haqlarının müdafiəsi ilə bağlı gördüyü işlərə görə cəzalandırıldığını bildirirdi.

2016-cı ilin martında baş prokuror Zakir Qaralov əlavə kasasiya qaydasında protest vermiş və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxıb. Beləliklə, martın 28-də İ.Əliyevin 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar verilib (Azadlıq radiosu).
20.09.2018 15:02:07
Oxuma sayı: 516