Üzeyir Hacıbəylinin xatirəsi Serbiyada anılıb
Ölçü:


2018-ci ilin 18 sentyabr tarixində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 133 illiyi münasibəti ilə onun Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü önündə anım mərasimi keçirilib.

Koordinat.az xəbər verir ki, tədbirdə Serbiya ictimaiyyətinin, Novi Sad şəhər meriyasının nümayəndələri, Serbiya Parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının təmsilçiləri, təhsil alan azərbaycanlılar və Səfirliyimizin əməkdaşları iştirak ediblər. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin müşaviri Mahir Cəfərov  Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş məlumat vermiş, onun mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutduğunu bildirib. O, Şərqdə ilk operettanın yaranmasının da məhz Üzeyir bəyin adı ilə bağlı olmasını, onun 300-dən çox xalq mahnısını toplayıb notlaşdırmasını vurğulamış eləcə də marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazmasını, habelə Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycanın dövlət himninin musiqisinin ona məxsus olduğunu diqqətə çatdırıb.

Dahi bəstəkarın həyatını, yaradıcılığını əks etdirən buklet və broşürlər, həmçinin Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zemfira Səfərovanın serb dilinə tərcümə olunmuş  “Üzeyir Hacıbəyov” kitabçası Novi Sad İncəsənət Akademiyasına və Belqrad Universitetinin musiqi fakültəsinə təqdim olunub.

İştirakçılar tərəfindən dahi bəstəkarın ruhu bir dəqiqəlik sükutla yad edilmiş, büstü önünə əklil qoyulmuşdur

19.09.2018 10:52:28
Oxuma sayı: 421