AMEA-nın əməkdaşları Çeçenistan prezidenti ilə beynəlxaq konqresdə - FOTOLAR
Ölçü:


11-12 sentyabr 2018-ci il tarixində Çeçenistan Respublikasının Qroznı şəhərində “Qafqaz xalqlarının etnik tarixi və etnogenezi” mövzusunda Nax xalqlarının Birinci Beynəlxalq elmi Konqresi keçirilib.

Koordinat.az xəbər verir ki, konqresdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Hüseynov da iştirak edib. Konqresdə çıxış edən Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov tədbir iştirakçılarını salamlayaraq Qafqazda yaşayan xalqlar arasında sülh və əminamanlığın bərqərar olmasını vurğulayıb. O, Qafqaz xalqlarının, etnik tarixinin dərindən öyrənilməsinin aktual olduğunu bildirərək Konqresin işinə uğurlar arzulayıb.

Konqresdə professor Sakit Hüseynovdan başqa 7 nəfər azərbaycanlı alim iştirak edib. Onlardan altı nəfər AMEA-nın institutlarının, bir nəfər isə Azərbaycan Texniki Universitetinin İctimai Elmlər kafedrasının əməkdaşı olub.

Konqresin plenar iclasında iştirakçıları salamlamaq üçün çıxış edən professor Sakit Hüseynov Çeçen etnosunun formalaşması prosesində mədəniyyətin rolundan danışıb. Professor Qafqaz xalqları arasında multikultural dəyərlərin, Azərbaycan və Çeçenistan arasında elmi əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb.

Çıxışdan sonra professor Sakit Hüseynov Azərbaycandan apardığı bir neçə kitabları Çeçenistan Prezidenti Ramzan Kadırova və Çeçenistan Elmlər Akademiyasının prezidenti, akademik Ş.Qapurova hədiyyə edib. Onun Çeçenistana apardığı Azərbaycan alimlərinin kitabları arasında tanınmış hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi”, “Ölməz ölüm cəzası” və digər alimlərimizin kitabları  çeçen alimlərinin diqqətini cəlb edib.

Prezident R.Kadırov ona hədiyyə edilən kitablara görə Azərbaycan alimlərinə öz təşəkkürünü bildirib.

17.09.2018 12:44:31
Oxuma sayı: 1599