Gələn ay əmək pensiyaları 7 faiz artacaq
Ölçü:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn il yanvarın 1-dən pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb.

Koordinat.az xəbər verir ki, ənəvi olaraq hər ilin əvvəlində əvvəlki ilin inflyasiya göstəricilərən əsaslanan bu artımlarla bağlı ölkə başçısı müvafiq sərəncam imzalayır.

Bəs, pensiyaların yeni indeksasiya mexanizmi necədir? Gələn ay pensiya məbləği neçə faiz artacaq?

İqtisadçı Vüqar Bayramov özünün "Facebook" səhifəsində bu suallara aydınlıq gətirib. Ekspert bildirib ki, yeni pensiya qanunvericiliyinə görə, indeksasiyada 2 əsas dəyişiklik var: “Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi inflyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə bu anlayışdan artıq istifadə edilmir. Gələn ildən isə məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə indeksasiya tətbiq ediləcək”.

Vüqar Bayramov bildirib ki, bu ilin 9 ayında orta aylıq əmək haqqı 7.2 faiz artıb. Onun sözlərinə görə, 2017-ci ildə orta aylıq əmək haqqı məbləğində 6.2 faiz artım proqnozlaşdırılır. Bununla belə, növbəti aylarda faktiki göstərici ciddi dəyişməzsə, o zaman gələn aydan pensiya məbləğlərində təxminən 7 faiz artım qeydə alınacaq.

"Orta pensiya məbləğinin 208 manat olduğunu nəzərə alsaq, bu halda orta pensiya 15 manata yaxın artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək yanvar ayında alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Gələn ay indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alınanda, 2018-ci ildə pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır” - deyə, ekspert əlavə edib.
 
05.12.2017 11:14:05
Oxuma sayı: 2158