İranlı diplomat Mətbuat Şurasına gəldi
Ölçü:



Bu gün Azərbaycan Mətbuat Şurasında İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi ilə görüş keçirilib. Cənab Nəcəfinin ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatmasına həsr olunmuş toplantıda İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Koordinat.az
xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İran və Azərbaycan dövlətləri arasındakı münasibətlər olduqca dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir. Sevindirici haldır ki, son dövrlər hər iki ölkənin media qurumlarının da çox yaxın təmasları formalaşıb. Bu prosesdə İranın Azərbaycandakı Səfirliyinin böyük rolu var. «Azərbaycandakı diplomatik missiyası başa çatmış cənab Məhəmmədrza Nəcəfinin fəaliyyətini məhz bu xüsusda dəyərləndirmək istərdim. Cənab Nəcəfi özünün təşəbbüskarlığı, işgüzarlığı ilə nümunədir. Mən Tehrana səfərimi xatırlayıram. Orada Mətbuat Şurasının sədri kimi çox vacib görüşlər keçirdim. Ən əsası isə Şura ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalandı. Sənədin ərsəyə gəlməsində cənab səfirimiz Cavad Cahangirzadə nə qədər təşəbbüskar olmuş əmək sərf etmişdisə, memorundumun məziyyətlərini daşıyan məhz cənab Nəcəfi idi. Düşünürəm ki, əldə etdiyimiz razılaşma Azərbaycanın və İranın media qurumları arasındakı əməkdaşlığın dərinləşməsi üçün son dərəcə mühüm platformadır. Orada qarşılıqlı jurnalist səfərlərinin təşkilindən, birgə konfransların keçirilməsindən tutmuş təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinədək bir çox vacib məqamlar nəzərdə tutulub», - deyən Ə.Amaşov M.Nəcəfini rəhbərlik etdiyi qurumun fəxri diplomu ilə təltif edib. Həmçinin diplomata Şuranın xatirə hədiyyəsi təqdim olunub.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə də çıxışında İran-Azərbaycan münasibətlərinin inkişaf meyllərindən söz açıb və mövcud istiqamətdə son dövrlər nəzərə çarpan müsbət meylləri vurğulayıb. Dünyada medianın oynadığı roldan söz açan səfir Azərbaycanın kütləvi informasiya vasitələrini milli maraqlara xidmət edən ictimai institut kimi dəyərləndirib. O bildirib ki, Azərbaycanın və İranın milli maraqlarının qayəsində hər iki ölkə xalqlarının mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin qorunması və möhkəmlənməsi, onların qarşılıqlı mənfəəti dayanır. Sevindirici haldır ki, media orqanları mövcud məqamı rəhbər tutaraq fəaliyyət göstərirlər. M.Nəcəfi isə Azərbaycandakı diplomatik missiyası müddətində bu fəaliyyətin daha da gücləndirilməsinə öz töhfəsini verib, Azərbaycan mediası ilə sıx və səmimi təmaslar qurub. İranın təhlükəsizliyinin Azərbaycanın, Azərbaycanın təhlükəsizliyinin isə İranın təhlükəsizliyi olduğuna dair hər iki ölkənin dövlət başçılarının görüşündə səslənmiş fikri dilə gətirən səfir C.Cahangirzadə eyni zamanda toplantı iştirakçılarına İranın Azərbaycandakı Səfirliyinə yeni təyin olunmuş mətbuat katibi cənab Seyidəli Musəvini təqdim edib, yeni mətbuat katibinin üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyinə əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, İran və Azərbaycan dost və qonşu ölkələrdir, onlar arasında heç bir problem yoxdur. Lakin ilk baxışdan olduqca sadə görünən bu vəziyyətin özünün həssaslığı var. Media buna adekvat fəaliyyət göstərməlidir və cənab M.Nəcəfi fəaliyyətdə olduğu müddətdə özünü həm bu məqamı rəhbər tutan peşəkar diplomat kimi göstərdi, həm də dostlar qazandı. Baş redaktor yeni mətbuat katibi S.Musəvinin eyni kursu davam etdirəcəyinə əminliyini ifadə edib.

MŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında M.Nəcəfinin ötən 3 ildəki fəaliyyətinin müxtəlif məqamlarına aydınlıq gətirib. Onun Azərbaycanda hər zaman dost kimi yada salınması üçün kifayət qədər əsasların olduğunu deyib.

«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğulayıb ki, çox az ölkənin Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi öz işi və əməli ilə medianın və jurnalistlərin rəğbətini qazanmağa müvəffəq olur. M.Nəcəfi bunu bacarmış diplomatdır.

MŞ-nin sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında M.Nəcəfinin İslam Əməkdaşlıq Təşkilatı Dövlətlərinin Jurnalistləri Assosiyasının qurulmasındakı və fəaliyyətindəki əməyini xatırladaraq fikirlərini bölüşüb.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, «Azadinform» İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev, «Cümhuriyyət» qəzetinin baş redaktoru Rafail Becanov, həmçinin «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Dinc dünya» Araşdırma Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev və başqaları İran və Azərbaycan xalqları arasındakı tarixi dostluq, qardaşlıq əlaqələrinin inkişafında medianın rolunun müxtəlif məqamlarına toxunublar. Onlar bildiriblər ki, İranın Azərbaycandakı Səfirliyinin və Mətbuat Şurasının son illər genişlənməkdə olan qarşılıqlı əlaqələri, bu xüsusda Azərbaycanın və İranın media orqanları nümayəndələrinin qarşılıqlı səfərləri başlanılmış müştərək işin davamlılığı üçün mühüm təminatdır.

Sonda çıxış edən Məhəmmədrza Nəcəfi toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, İranın və Azərbaycanın media qurumları arasındakı münasibətlərin inkişafının günün tələbi olduğunu vurğulayıb və yeni mətbuat katibi S.Musəvinin bu istiqamətdə başlanılmış işi məharətlə davam etdirəcəyinə əmin olduğunu deyib.
14.09.2018 16:40:00
Oxuma sayı: 210