Vəli Baxşəliyev: "Naxçıvan Duzdağı dünyada ən qədim duz mədənidir
Ölçü:


“Bu il Duzdağ mədənləri tədqiq edilib, Erkən Tunc dövrünə aid əmək alətləri və keramika məmulatı aşkar olunub. Daş alətlərin keramikanın yayıldığı zonalar üzrə bölüşdürülməsi göstərir ki, bu zonalar başlıca olaraq Son Eneolit və Erkən Tunc dövrlərinə aid keramikanın konsentrasiya olunduğu ərazilər ilə uyğun gəlir. Aparılan araşdırmalar zamanı qədim mədən sənayesinin infrastrukturları və dünyanın ən qədim duz mədənlərinin Naxçıvan Duzdağında olduğu müəyyənləşdirilib”.

Koordinat.az xəbər verir ki, Naxçıvan arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

“Tədqiqata cəlb edilən abidələrin bir qrupu qədim Kültəpə yaşayış yeri ətrafındadır. Azərbaycan arxeologiyasında Eneolit abidəsi kimi tanınan bu yaşayış yerindəki qazıntı sahəsində 2018-ci ildə aparılan tədqiqatlar xam torpağa çatana qədər davam etdirilib, Kültəpənin Neolit dövrünə aid abidə olduğu tarixi-arxeoloji əsaslarla tam dəqiqləşdirilib”, – deyən Vəli Baxşəliyev qeyd edib ki, bu il, həmçinin I Kültəpə yaşayış yeri ətrafında 2010-2013-cü illərdə aparılan arxeoloji araşdırmalar zamanı aşkar olunan Eneolit dövrü yaşayış yerlərinin tədqiqi də davam etdirilib. Tədqiqatlar göstərir ki, Kültəpə və onun ətrafında yaşayan insanlar əkinçiliklə və köçmə maldarlıqla məşğul olublar. Köçmə maldarlıq insanların müxtəlif faydalı qazıntılar, o cümlədən mislə tanışlığına gətirib çıxarıb. Kültəpə ətrafındakı abidələrin tədqiqi ölkəmizin qədim sakinlərinin miqrasiyasının arealını, onların Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini öyrənməyə imkan verir.

Vəli Baxşəliyev deyib: “Kültəpə yaşayış yerində və onun ətrafında aparılan araşdırmalar iqlim dəyişiklikləri ilə əlaqədar qədim insanların yaşayış yerlərini dəyişməyə məcbur olduğunu göstərir. I Kültəpə yaşayış yerində həyat eramızdan əvvəl VII minilliyin ortalarından başlayaraq VI minillikboyu davam etsə də, eramızdan əvvəl V minilliyin ikinci yarısında burada yaşayış olmayıb. Kültəpədən tapılan bəzi keramika məmulatları eramızdan əvvəl V minillikdə burada həyatın epizodik xarakter daşıdığını, daim məskunlaşma olmadığını göstərir”.

Alim bildirib ki, bu il Kültəpə və onun ətrafında aparılan araşdırmalar ulu əcdadlarımızın həyat tərzini, onların Cənubi Qafqaz və Yaxın Şərq regionundakı hərəkət istiqamətlərini müəyyən etməyə imkan verib.

Naxçıvançay vadisində yerləşən Naxçıvantəpə abidəsinin araşdırılmasının Naxçıvanın Dalma təpə mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu göstərdiyini vurğulayan arxeoloq diqqətə çatdırıb ki, onun tədqiqi, həmçinin Mil və Qarabağ düzlərindəki mədəniyyətlərin mənsubiyyət və dövrünü müəyyən etmək üçün əhəmiyyətli olub.

“Bu il aparılan araşdırmalar müstəqilliyimizin əvvəlki illərindəki tədqiqatları da dəyərləndirməyə imkan verib. Son illər Naxçıvan Muxtar Respublikasında AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə aparılan arxeoloji tədqiqatlar nəinki Azərbaycan arxeologiyasına, bütövlükdə, Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyasına yeniliklər gətirib. Muxtar respublika rəhbərinin tarix və mədəniyyət abidələrimizin tədqiqinə göstərdiyi yüksək diqqət və qayğı gələcəkdə yeni elmi nəticələrin əldə edilməsinə imkan verəcəkdir”, – deyə Vəli Baxşəliyev əlavə edib.

14.09.2018 13:54:25
Oxuma sayı: 186