"Aşıq Şəmşir" Mədəniyyət Ocağının nümayəndəsi UNESCO-nun baş direktoru ilə görüşdü
Ölçü:

Parisdə UNESCO-nun mənzil -qərargahında UNESCO Tərəfdaşlar Forumu keçirilib.

Koordinat.az xəbər verir ki, tədbirdə UNESCO Milli Komissiyaları, qeyri-hökumət təşkilatları, inkişaf agentlikləri və özəl sektor nümayəndələri iştirak edib. Forumda Azərbaycan QHT-lərini “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.
 
Tədbirdə UNESCO-nun baş direktoru Odri Azuley təşkilatın təhsil, elm, mədəniyyət və media sahəsində çoxtərəfli əməkdaşlığı dəstəklədiyini ifadə edib. İki gün davam edən forumda BMT-nin davamlı inkişaf hədəflərinin monitorinqi, UNESCO-nun böhranlara hazırlığı, təşkilatın layihələrinə cəlb olunmağın artırılması yolları, keyfiyyətli təhsilə əlçatanlığın artırılmasına töhfələri, gənclərin özünüifadəsi və digər aktual məsələlər müzakirə olunub.

İctimai Birliyin nümayəndəsi Fazil Qasımov foruma dəvətə görə UNESCO baş direktoruna təşəkkürünü bildirərək Azərbaycanla UNESCO arasında əlaqələrin inkişafında Azərbaycanın I vitse-prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. Fazil Qasımov UNESCO ilə əməkdaşlığın ölkəmizin mədəniyyət siyasətinə töhfə verdiyini və Azərbaycan QHT-lərinin təşkilatın layihələrinə yüksək maraq göstərdiyini qeyd edib.

Xatırladaq ki, 2016-cı il iyunun 1-də UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib.
13.09.2018 22:08:59
Oxuma sayı: 497