“Saz aşiqi” - Aşıq Şəmşir yad edildi
Ölçü:


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Saz aşiqi” adlı tədbir keçirilib.

Koordinat.az xəbər verir ki, tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova açıb. O, çıxışında qeyd edib ki, tədbirin Yasamal rayonunda yerləşdiyi Heydər Əliyev Mərkəzində keçirilməsi Aşıq Şəmşirin xatirəsinin bir daha əbədiləşdirilməsidir. T.Muradova son aylar Yasamal rayonunda böyük quruculuq işlərinin aparılması, rayonun günü-gündən abadlaşdırması haqqında tədbir iştirakçılarına məlumat verdi.

Sonra söz Yasamal rayon MKS-inin direktoru, “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovaya verildi. Bütün qonaqları salamlayaraq o, Dədə Şəmşirin doğma Kəlbəcərindən, yazdığı əsərlərdən, gözəl ifalarından söhbət açdı və qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədi ilə Aşıq Şəmşirə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov məlumat verdi ki, İctimai birlik tərəfindən 800 layihə həyata keçirilib. Aşıq Şəmşirin 125 illik yubileyinin YUNESKO-da qeyd olunması barədə məlumat verdi. O, qeyd etdi ki, aşıq sənətinin dünyanın qeyri maddi-mədəni irs siyahısına salınmasında Birinci vitse-prezidentin Mehriban Əliyevanın böyük xidmətləri var. Daha sonra o, aşığın böyüyüb boya-başa çatdığı kənddən söhbət açaraq, tədbir iştirakçılarına maraqlı məlumatlar verdi. Və yaxın vaxtlarda Səbail rayonunda Aşıq Şəmşirin ev-muzeyinin açılacağını bildirdi.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun canlı ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndi.

Tədbirdə Aşıq Ədalət Dəlidağlının ifasında “Ruhani” və “Orta sarıtel”, aşıq Əli Pənahoğlunun ifasında isə “Ağır şərili” havaları səsləndirildi.

 
 
13.09.2018 10:38:54
Oxuma sayı: 1191