Narazı hüquqşünaslardan 7 maddəlik təklif  - Vəkillik fəaliyyəti sıxışdırılır?
Ölçü:


Ali Məhkəmə tərəfindən təqdim olunan və Milli Məclisdə qəbul edilən Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklər qüvvəyə minməsi üçün Azərbaycan Respublikasının Prezidentinə göndərilib. Prezident imzalandıqdan sonra qanun qüvvəyə minəcək.

Koordinat.az
xəbər verir ki, qanunvericiliyə qeyd olunan dəyişikliklərə görə, vətəndaşlar hüquqlarının qorunmasını yalnız yaxın qohumlarına və Vəkillər Kollegiyasının üzvü olan vəkillərə tapşıra biləcəklər. Amma bildirmək lazımdır ki, hazır ki, vəziyyətdə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslər özlərinin hüquqi işlərini etibarnamə əsasında istənilən şəxsə etibarnamə əsasında həvalə edə bilirlər.

Qeyd olunan dəyişiklər 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minəcəyindən praktik olaraq fəaliyyət göstərən hüquqşünaslar bundan sonra daha vətəndaşlara hüquqi xidmət göstərə bilməyəcəklər. Ali hüquq təhsilli hüquqşünasların bir qismi buna qəti şəkildə etiraz edirlər və elə bu səbəbdən də ölkə başçısına müraciət ünvanlamaq qərara gəlib.

Hüquqşünas Ramil Süleymanov Modern.az-a açıqlamasında deyib: “Bu qanun layihəsi çox təəssüflər olsun ki, Milli Məclisdə qəbul olundu. Qanun layihəsinin əleyhinə əsasən ixtisasca hüquqşünaslar və hüquq sahəsindən az da olsa anlayışı olan millət vəkilləri səs veriblər. Əslində qanunvericilikdə birbaşa göstəriş ondan ibarətdir ki, qanun layihəsi qəbul edilməzdən əvvəl ictimai müzakirə keçirilməlidir və bu sahənin bilən şəxsləri, alimlər və digər elm adamları ciddi şəkildə müzakirələrdən sonra qanun layihəsi barədə öz rəyini verməlidir. Belə demək mümkünsə, ciddi dəyişiklik nəzərdə tutan qanun layihəsinin kampaniyası aparılmalıdır. Amma təəssüf ki, digər millət vəkilləri məsələnin mahiyyətinə varmadan qanun layihəsinin lehinə səs verdi. İndi isə bu qanun layihəsinin qüvvəyə minməsi ölkə başçısının imzasından asılı olduğu üçün bir qrup praktik fəaliyyətlə məşğul olan hüquqşünas, məsələnin ciddiyyətini dərk edən vəkil və ictimai fəal şəxslər bir araya gələrək, müraciət ünvanlamaq qərarına gəldik.

Praktik hüquqşünaslar vergi orqanında qeydiyyatdan keçməklə həm vergilərini ödəyirdilər, həm ailələrinin maddi ehtiyaclarını qarşılayırdılar, həm də, vətəndaşların hüquqi yardımını həyata keçirirlər. Əlbəttə, bu sahədə müəyyən işbazlar, vətəndaşlara kələk gələn dələduzlar, qeyri-hüquqşünas şəxslər də var. Amma bunun qarşısını bu şəkildə almaq düzgün yanaşma deyil. Çünki indi ki, halda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəsmi 934 nəfər üzvü var ki, bunların təxminən 100-ə yaxını müxtəlif səbəblərdən fəaliyyətlərini dayandırıb. Təxmini 230-a yaxın vəkil regionlarda fəaliyyət göstərirlər. Elektron Məhkəmə sisteminə qoşulmuş məhkəmələrdə hal-hazırda 370.000-dən çox mülki, cinayət və inzibati iş mövcuddur. Elektron məhkəmə sisteminə qoşulmayan məhkəmələrdə də elə bir o qədər də mövcuddur. Belə olan halda sual yaranır ki, vəkillər bu qədər iş yükünü necə idarə edəcəklər. Ölkədə hüquqi yardım tam çökəcək. Nisbətən kasıb insanlar isə ümümiyyətlə hüquqları ola-ola hüquqi müdafiəsiz qalacaqlar. Bu da əlbəttə ki, ciddi narazılıqlara səbəb olacaq və məhkəmələr də korrupsiya hallarının artmasına zəmin yaradacaq. Bir daha qeyd edirəm ki, bu ölkədə ciddi narazılıqların yaranmasına gətirib çıxaracaq. Ona görə də müraciətimizdə ölkə başçısından qanun layihəsini imzalamamağa çağırış edirik”.

Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, müraciəti 70 nəfər praktik fəaliyyətlə məşğul olan hüquqşünas, vəkil və ictimai fəal şəxslər imzalayıb. Hüquqşünaslar çıxış yolu da təqdim edirlər. Bunlar aşağıdakılardır:

1. Mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyası üzvləri bu səlahiyyəti vəkil vəsiqəsi, order və bunlar əsasında alınmış etibarnamə əsasında icra etməlidir. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali hüquq təhsil diplomu və bunun əsasında alınmış etibarnamə əsasında icra etməlidir buna uyğun olaraq Mülki Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna müvafiq dəyişikliklər edilməlidir;

2. Notariuslar məhkəmə işləri üzrə etibarnamə vermək istəyən şəxslərdən əgər etibar edilən şəxs vəkildirsə etibar edilənin şəxsiyyət vəsiqəsinin, vəkil vəsiqəsinin və müvafiq orderin surətini tələb etməli və bunun əsasında etibarnamə verməlidir. Əgər etibar edilən şəxs Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasdırsa, etibarnamə vermək istəyən şəxsdən etibar edilənin şəxsiyyət vəsiqəsinin və ali hüquq təhsili barədə diplomunun surətini tələb etməli və bunun əsasında etibarnamə verməlidir – qeyd edilən qanunlarla bərabər Notariat haqqında qanuna dəyişiklik edilməlidir;

3. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar şəxslərə göstərdikləri hüquqi xidmət üzrə tapşırıq müqavilələrini sadə yazılı formada bağlamalıdır. Hüquqşünas tərəfindən belə müqavilənin bağlanılmaması həmin fərdi hüquqşünas yaxud hüquqi şəxs üçün inzibati xəta tərkibi yaratmalıdır – buna uyğun olaraq Mülki Məcəllə, tapşırıq müqaviləsi fəslinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməlidir;

4. Hüquqi tapşırıq müqaviləsinin bədniyyətlə (vicdansızcasına) icra edilməməsinə görə hüquqşünas tam maddi məsuliyyət daşımalıdır – buna uyğun olaraq Mülki Məcəllə, tapşırıq müqaviləsi fəslinə dəyişiklik edilməlidir;

5. Hüquqşünas nümayəndələrin Ali Məhkəmədə nümayəndə kimi çıxış edə bilməsi üçün vəkilin məcburi iştirakı tələbi aradan qaldırılmalıdır – buna uyğun olaraq Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməlidir;

6.
Fərdi hüquqşünaslar və hüquqi xidmət göstərən hüquqi şəxslərin müvəkillərinin işləri üzrə sorğularına dövlət orqanları tərəfindən cavab verilməsinə dair qayda müəyyən edilməlidir – İnzibati icraat haqqında Qanuna dəyişiklik edilməlidir;

7. Fərdi hüquqşünaslar Vergilər Nazirliyində VÖEN qeydiyyatından keçərkən diplomlarının surətini təqdim etməlidir. Eyni qayda hüquqi xidmət göstərən hüquqi şəxslərin və digər hüquqi şəxslərin hüquqşünas vəzifəsində olan işçilərinə də aid edilməlidir – Vergi Məcəlləsi və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir.

Bundan başqa hüquqşünaslar Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova da müraciət ünvanlayıblar. Buna qədər isə məlumat əldə olunan kimi dərhal Milli Məclisdə bir sıra deputatlarla görüşlər keçirilib. Lakin həmin millət vəkilləri bu qanun layihəsinin qəbul edilməsinə öz təəssüflərini açıq-aşkar həm şifahi şəkildə hüquqşünaslara həm də KİV ilə ictimaiyyətə bildiriblər. 
07.11.2017 10:31:00
Oxuma sayı: 81