Əsrlər boyu dəyişməyən...
Ölçü:


Milli Məclisin son sessiyasında yeni "Dövlət daktiloskopik və genom qeydiyyatı” haqqında qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olundu. Bu sənəd  şəxsiyyətin müəyyənləşdirilməsi məqsədilə təkcə barmaq izləri deyil, həm də DNT analizinin aparılmasını mümkün sayır və bu tədqiqatın həyata keçirilməsi qaydalarını müəyyənləşdirir. Hər iki məlumatdan insan şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə istifadə olunduğuna görə, indiyədək mövcud olan "Dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun yeni Genom qeydiyyatı ilə bağlı hissə ilə vahid qanun formasında birləşdirilib.
 
Qanun layihəsi üzərində işləyən ekspertlərdən biri, Milli Məclis aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Paşayeva bildirir ki, bu qanun layihəsi hazırlanarkən dünya ölkələrinin təcrübəsi öyrənilib, respublikamızın qoşulduğu beynəlxalq konvensiyanın müddəaları nəzərə alınıb.
 
Onun sözlərinə görə, DNT analizi nəticəsində əldə edilən məlumatlar digər biometrik fərdi məlumatlardan bir sıra üstünlüklərə malikdir. Məsələn, genetik materiallar pozulmur, itmir, dəyişmir. Yüz illər sonra da bu analizin köməyilə insanın şəxsiyyətini müəyyən etmək mümkündür.
 
DNT ANALİZİ NƏDİR?
 
"Dezoksiribonuklein turşusu (DNT) analizinin keçirilməsi ilə əldə edilən genetik məlumatın daktiloskopik məlumatlardan üstünlüyü onun fiziki şəxsin hər bir bioloji mənşəli materialından (qan, sperma, tüpürcək, tər və orqanizmin digər ifrazatları, tük, dırnaq, sümük, bədənin xarici örtüklərinin mikroskopik qaşıntısı və s.) istifadə etməklə əldə edilməsi, müxtəlif bioloji mənşəli materialların eyni fiziki şəxsə mənsubluğunun, şəxsin qan qohumluğu, cinsi mənsubiyyəti, bədən hissələrinin eyni şəxsə mənsubluğunun müəyyən edilməsi imkanı, hadisə yeri, meyit, bədən qalıqları və canlı şəxsdən bioloji mənşəli materialın sadə və əlavə vəsait tələb olunmadan götürülməsi, DNT tədqiqatının aparılması üçün tələb olunan bioloji mənşəli materialın uzun müddətdə analizə yararlı olması və daşıdığı informasiyanın itməməsi təşkil edir”.
 
Azərbaycanda ilk dəfə 2009-cu ildə Daxili İşlər Nazirliyinin kriminalistik tədqiqatlar idarəsində bu laboratoriya fəaliyyətə başlayıb. Laboratoriya 27 oktyabr 2009-cu il tarixli "DNT tədqiqatının aparılması və DNT məlumat bankının yaradılması qaydaları barədə” Təlimata əsasən fəaliyyət göstərir. Bundan başqa "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 aprel tarixli 154 nömrəli fərmanı ilə Daxili İşlər Nazirliyinə ilkin və əlavə məhkəmə tibbi-genetik ekspertizaların keçirilməsi hüququ da verilib. 2016-cı il ərzində hüquq mühafizə orqanlarının 709 sorğusu əsasında hadisə yerlərindən götürülmüş müxtəlif bioloji materialların DNT tədqiqatı ilə naməlum meyitlərin aşkar olunması, oğurluq, qətl, zorlama, quldurluq və digər faktlar üzrə 73 məhkəmə genetik ekspertizası rəyi və 564 arayış tərtib edilmişdir. Nəticədə 58 fakt üzrə şəxsiyyətin eyniləşdirilməsində müsbət nəticələr əldə olunub.
 
DNT MƏLUMAT BANKI YARADILIB
 

Bu illər ərzində bir çox işlərə DNT analizi köməyilə aydınlıq gətirmək, bir çox cinayətin üstünü açmaq mümkün olub. Artıq Respublikada itkin düşmüş şəxslərin qan qohumlarından götürülən nümunələr əsasında DNT məlumat bankı yaradılıb. Nəticədə naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi, qətl, ayrı-ayrı bədən hissələrinin mənsubiyyətinin müəyyən edilməsi, zorlama, quldurluq, soyğunçuluq, oğurluq, yol-nəqliyyat hadisələri üzrə şəxsiyyət müəyyən edilib. Məhz bu yolla Ermənistan tərəfindən girov saxlanılan və sonradan öldürülən Həsən Həsənovun meyitinin ona aid olması dəqiqləşdirilib. Meyitdən götürülən nümunələr Həsən Həsənovun valideynlərindən götürülən nümunələrlə müqayisə edilib. 2015-ci ildə Günəşli neft yatağında baş vermiş qəzadan sonra tapılan və şəxsiyyəti bilinməyən 3 meyitin kimə məxsus olması da DNT analizi sayəsində dəqiqləşdirilib. Bu yolla 2016-cı ilin dekabrında Xəzərdəki 3 saylı neft yığım məntəqəsində qəza nəticəsində dənizdə aşkar edilmiş 8 tanınmayan meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu analizlərin aparılması qaydalarını müəyyənləşdirən qanunun yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.
 
Ekspertlər hesab edirlər ki, qanun layihəsinin qəbul olunması cinayətkarlıqla mübarizənin, ağır və xüsusilə ağır cinayətlərin açılması və istintaqının effektivliyinin əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yaradacaq, həmçinin naməlum meyitlərin şəxsiyyətinin və itkin düşmüş şəxsləri müəyyənləşdirməyə yardım göstərəcək. Həmçinin,  milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, o cümlədən terrorçuluğa, qanunsuz miqrasiyaya, insan alverinə və digər cinayətlərə qarşı mübarizənin, miqrasiya prosesləri və sərhədkeçmə ilə bağlı nəzarətin gücləndirilməsinə xidmət edəcək.
 
QEYD: Yazı Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi  "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinin ictimai müzakirələrinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanıb. 
 
14.06.2018 13:06:59
Oxuma sayı: 1264