Azərbaycanın beynəlxalq xidmətlər bazarında iştirak imkanları- TƏHLİL
Ölçü:


Azərbaycanın resurs gəlirlərindən kəskin asılılğının azaldılması ilə bağlı ictimai müzakirələrdə xidmət sektoru bir qayda olaraq diqqətdən kənarda qalır. Hətta elmi yükü olan müzakirələrdə belə ixrac potensialının artırılması dedikdə göz önünə ilk olaraq əsasən maddi istehsal sahələrinin, xüsusilə də emal sənayesinin və aqrar sektorun inkişafı gətiririlir. Dünya Ticarət Təşkilatının beynəlxalq xidmət bazarı ilə bağlı məlumatlarına diqqət yetirdikdə aydın olur ki, turzim istisna olmaqla xidmət ixracı demək olar ki, diqqətdən kənarda qalır. Halbuki dünya xidmət ticarətində turizmin payı ən yaxşı halda 25-26% ətrafındadır və xidmət ixracının daha bir 25%-i nəqliyyat, 10%-i informasiya-kommunikasiya texnologiyaları, 11%-i biznes xidmətləri ilə bağlıdır. Yeri gəlmişkən, Dünya Ticarət Təşkilatının qlobal ticarətlə bağlı ən son icmalında açıqladığı məlumatına görə, 2017-ci ildə dünya üzrə ümumi xidmət ixracının həcmi (4.8 trln. ABŞ dolları) əmtəə ixracının (16 trln. ABŞ dolları) üçdə biri qədər olub. Bütün xidmət ixracının 55%-i 10 ölkənin payına düşüb (bura ABŞ, Çin, Cənubi Koreya, İsveçrə, Almaniya, Kanada, Yaponiya, Hindistan, Sinqapur kimi ölkələr daxildir). Bu ölkələr xüsusilə intellektual xidmətərin ixracatında həlledici paya sahibdirlər[i]. Söhbət ən müxtəlif biznes xidmətlərindən (tədqiqat və inkişafla (R&D) bağlı xidmətlər, hüquq, mühasibatlıq, idarəetmə üzrə məsləhətlər, ictimai əlaqələr, reklam və bazar araşdırması, ictimai rəyin öyrənilməsi, memarlıq və mühəndislik fəaliyyəti, mədənçıxarma, lizinq məişət tullantılarının emalı və nəqli, ticarətin təşkili ilə  və s. ilə bağlı xidmətləri), informasiya-kommunikasiya texnologoyaları üzrə xidmətlərdən gedir (kompüter, informasiya və telekommunikasiya xidmətləri). Bundan əlavə beynəlxalq xidmət bazarında maliyyə xidmətlərinin (pensiya və investisiya fondlarının, bank sektorunun, sığorta şirkətlərinin təqdim elədiyi xidmətlər) rolu son illər əhəmiyyətli dərəcədə artıb.

Bir vacib məqamı qeyd etməyə dəyər ki, dünyada bəzi ölkələrin ixrac gəlirlərində xidmətlərdan əldə etdikləri qazanclar əmtəə ixracından gəlirləri üstələyir, yaxud bir-birinə çox yaxındır. Məsələn, BVF-nin məlumat bazasının təqdim etdiyi ən son informasiyalara görə, 2017-ci ildə Gürcüstanın xidmət ixracından gəlirləri (3.976 mlrd. ABŞ dolları) əmtəə ixracından gəlirlərindən (3.843 mlrd. dollar) çox olub. Yaxud İsrail və Estoniyanın cəmi ixrac gəlirlərinin 35-45%-i məhz xidmətlərin qeyri-rezidentlərə satışınıdan formalaşır. Ayrı-ayrı inkişaf etmiş iqtisadiyyatlarda da xidmət ixracı ölkənin məcmu ixrac gəlirlərində əhəmiyyətli paya malikdir. Məcmu ixrac gəlirlərinin İsveçdə 31, Fransada 33, ABŞ-da 34, Danimarkada 35, Böyük Britaniyada 45 faizi məhz xidmətlərin ixracı hesabına təmin edilib. Rusiyanın xidmət ixracı potensialı çox zəifdir və həmin göstərici 14% təşkil edir. Müqayisə üçün qeyd edək ki, ötən il Rusiyanın xidmət ixracı ABŞ-dan 13.7 dəfə, Fransadan  5 dəfə, Çindən 4 dəfə, İsveçrədən 2 dəfə azdır[ii].

Azərbaycana gəldikdə, 2017-ci ilin nəticələrinə bu göstərici 25% ətrafında olub.

Nəzərə alaq ki, artıq inkişaf etmiş ölkələrdə məşğulluğun 70%-dən çoxu məhz xidmət sektorunda formalaşır. Bu baxımdan xidmət ixracının genişlənməsi bu sektor vasitəsilə iqtisadiyyatın davamlı böyüməsində və ölkədə sabit iqtisadi inkişafın təmin edilməsində mühüm rola malikdir.

Bəs Azərbaycanda xidmət sektorunun ixrac imkanlarının mövcud durumu necədir? Ümumiyyətlə, ölkənin beynəlxalq xidmət bazarında hazırkı iştirak səviyyəsi bu sahənin perspektiv böyüməsi üçün ümid yaradırmı? Tədiyə balansının məlumatları əsasında Azərbaycanın xidmət idxal-ixracının mövcud durumunun statistik analizi aparılıb.

Xidmətlərin idxal-ixracının ümumi dinamikası: əsas meyllər 

Son 10 illik mərhələyə (2008-2017-ci illər) diqqət yetirdikdə, Azərbaycanın xidmət ixracı 3 dəfədən çox artaraq 1.595 mlrd. ABŞ dollarından 4.688 mldr. ABŞ dollarıına yüksəlib. Eyni zamanda bu elə bir dövrə təsadüf edib ki, Azərbaycanın əmtəə ixracı 2 dəfə azalıb. Belə ki, əgər 2008-ci ildə ölkədən əmtəə ixracının cəmi 30.6 mlrd. ABŞ dolları omuşdusa, 2017-ci ildə həmin göstərici 15.1 mlrd. ABŞ dollarına enib.

Statistik məlumatlardan göründüyü kimi, 2008-2012-ci illər xidmət ixracının kıskin artımı ilə müşahidə edilib və 5 il ərzində ixracın həcmi 2.5 dəfəyə yaxın genişlənib. Lakin sonrakı 5 illikdə (2013-2017-ci illərdə) xidmət ixracının artım tempində kəskin şəkildə zəifləmə müşahidə edilib. Xüsusilə də 2013-2016-cı illərdə cəmi 2% genişlənmişdi. Yalnız 2017-ci ildə nisbətən yüksək artım bərpa olmuş və həmin il əvvəlki dövrə nisbətən xidmət ixracının həcmi 7.3% artmışdır.

Təhlil aparılan dövrdə xidmət ixracının genişlənməsi ilə yanaşı cari hesablar balansı çərçivsində ölkəyə daxil olan xarici valyuta gəlirlərində də bu mənbədən əldə olunan valyuta mədaxilinin payı əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Rəqəmlərdən göründüyü kimi, 10 il ərzində Azərbaycanın xidmət ixracından mədaxilinin cari hesablar üzrə xaricdən cəmi gəlirlərində payı əhəmiyyətli dərəcədə yüksələrək 4.5%-dən 21.1%-ə yüksəlmişdir. Doğrudur, bu göstəricinin yüksəlməsinin əsas səbəblərindən biri neftin qiymətinin və hasilatının kəskin azalması hesabına ölkənin əmtəə ixracından gəlirlərini 2 dəfəyədək itirməsi olub. Amma o da faktdır ki, əmtəə ixracının azalması müqabilində xidmət ixracı yerində saymayıb və bu mənbə üzrə ölkənin mədaxili 3 dəfəyədək genişlənib. 2017-ci ildə ölkənin xidmət ixracından əldə etdiyi valyuta gəlirlərinin həcmi əmtəə ixracından qazanclarının təxminən 30%-i səviyyəsində olub.

Təhlil aparılan dövrdə Azərbaycanın beynəlxalq xidmətlərə tələbatı da kəskin artıb və idxalın həcmi 2 dəfəyə yaxın çoxalaraq 2008-ci ildəki 3.9 mlrd. ABŞ dollarından 2017-ci ildə 8.1 mlrd. ABŞ dollarına yüksəlib.

Statistik məlumatlardan göründüyü kimi, xidmət idxalının ən yüksək səviyyəsi 2014-cü ildə qeydə alınıb və həmin il idxalın həcmi 10.4 mlrd. ABŞ dolları səviyyəsində olub. Sonrakı 3 ildə isə xidmət idxalının həcmində azalma meyli müşahidə olunub. Belə ki, xidmət idxalının səviyyəsi 2014-cü ilə nisbətən 2017-ci ildə 2.3 mlrd. ABŞ dolları və ya 22.3% azalaraq təxminən 8.1 mlrd. ABŞ dolları təşkil edib.

Cari hesablar balansı çərçivəsində ölkədən çıxarılan ümumi valyuta həcmində xidmət idxalına çəkilən vəsaitlərin payı kifayət qədər böyükdür.

2008-ci ildə cari hesablar balansı çərçivəsində qeyri-rezidentlərə ödənən valyuta vəsaitlərində xidmət idxalı üçün xərclərin xüsusi çəkisi 21.9% təşkil etdiyi halda, 2013-cü ildən sonrakı dövrdə həmin göstəricinin səviyyəsi 40%-dək yüksəlib. Göründüyü kimi, xidmət idxalı Azərbaycandan xaricə valyuta çıxışının əsas mənbələrindən biridir.

Azərbaycan xalis xidmət idxalatçısı olan ölkədir. Belə ki, xidmət balansında xroniki defisit mövcuddur. Son 10 ildə Azərbaycanda xidmət ixracının xidmət idxalını üstələdiyi il olmayıb. Doğrudur, xidmətlər balansında mənfi saldonun ən yüksək həddinin qeydə alındığı 2014-cü ilə nisbətən sonrakı illərdə ümumi defisitdə əhəmiyyətli dərəcədə azalma müşahidə edilib.

Diaqramdan göründüyü kimi, 2008-2012-ci illərdə xidmətlər balansının mənfi saldosu 2.6-2.9 mlrd. dollar aralığında dəyişilsə də, 2013-2015-ci illərdə 4.2-6.1 mlrd. ABŞ dollarınadək yüksəlib. Son 2 ildə (2016-2017-ci illərdə) xidmətlər balansının mənfi saldosu yenidən xeyli dərəcədə azalaraq 3.1-3.4 mlrd. ABŞ dolları intervalında olub. Son 3 ildə məndi saldonun azalmasının əsas səbəbi xidmət idxalının 25%-dək azalması ilə bağlı olub. Belə ki, 2014-2017-ci illərdə idxal 2.3 mlrd. ABŞ dollarına qədər ixtisar olduğu halda, xidmət ixracının artımı cəmi 400 mln. ABŞ dolları olub. Bir sözlə, xidmət idxalının azalma tempi ixracın artım tempini orta hesabla 3-3.5 dəfə üstələyib

Xidmət növərinə görə ixracın diversifikasiya səviyyəsi


İqtisadiyyatın imkanlarından asılı olaraq milli iqtisadiyyatlar beynəlxalq xidmət bazarına çox müxtəlif çeşiddə xidmətlər təklif edə bilərlər. Bura turizm və səyahət, rabitə, nəqliyyat, tikinti, maliyyə, hökumət, biznes və s. xidmətlər daxildir. Bu istiqamətlərin özündə də saysız-hesabsız xidmət çeşidləri birləşir. Məsələn, biznes xidmətlərinə tədqiqat və inkişafla (R&D) bağlı xidmətlər, hüquq, mühasibatlıq, idarəetmə üzrə məsləhətlər, ictimai əlaqələr, reklam və bazar araşdırması, ictimai rəyin öyrənilməsi, memarlıq və mühəndislik fəaliyyəti; informasiya-kommunikasiya texnologoyaları üzrə xidmətlərə kompüter xidmətlərinin təşkili və proqram təminatı, informasiya və telekommunikasiya xidmətləri;  maliyyə xidmətlərinə pensiya və investisiya fondlarının, bank sektorunun (depozit qəbulu, ödənişlərin klirinqi, ən müxtəif bank əməliyyatları və xidmətləri, faktorinq və s.) sığorta şirkətlərinin təqdim elədiyi xidmətlər daxildir.

Bəs statistika nə göstərir, Azərbaycanın xidmət ixracında əsas üstünlük hansı növ xidmətlərə mənsubdur?

Diaqramdan göründüyü kimi, xidmətlərin çeşidi baxımından Azərbaycanın xidmət ixracının diversifikasiya səviyyəsi son dərəcə aşağıdır. 2017-ci ildə bütün xidmət ixracının 64.3%-i turizm, 20.7%-i isə nəqliyyat xidmətlərinin hesabına təmin edilib. Yəni, xidmət ixracından məcmu gəlirlərdə 2 sahənin payı 85%-dir. Ötən il ölkə üzrə turizm xidmətlərinin ixracı 3 mlrd. ABŞ dolları, nəqliyyat xidmətlərinin ixracı 971.3 mln. ABŞ dolları məbləğində olub.

2008-2017-ci illərdə turizmin xidmət ixracında xüsusi çəkisi 12.3%-dən 64.3%-ə yüksəlib, nəqliyyat sektorunun payı isə 51.2%-dən 20.7%-ə enib. Rabitə, tikinti və maliyyə sektorunun isə xidmət ixracında birgə payı 2017-ci ildə cəmi 259 mln. ABŞ dolları və ya 6% təşkil edib.

Nəzərə alaq ki, turizm xidmətərinin ixracının ən azı 80%-ə qədəri 4 ölkəyə – Gürcüstan, Rusiya, Türkiyə və İrana yönəlib. Bu fakt isə onu göstərir ki, Azərbaycanın xidmət ixracı coğrafi baxımdan da çox məhdud şaxələnib və xidmət ixracında 4 qonşu ölkənin payı 50%-i ötür.

Xidmət idxalının strukturu

İxracdan fərqli olaraq ölkənin xidmət idxalından konsentrasiya səviyyəsi çox yüksək deyil

2017-ci ilin nəticələrinə görə xidmət idxalında ən yüksək pay 33%-lə turizm xidmətlərinə  aid olub. Sonrakı yerlərdə 30.8% tikinti, 13% nəqliyyat xidmətləri gəlib. Ümumilikdə ötən il qeyri-rezidentlərə turizm xidmətəri üçün 2.7, tikinti xidmətlərinə 2.5, nəqliyyat xidmətlərinə 1.1 mlrd. ABŞ dollarına yaxın vəsait xərclənib. Bu 3 xidmət üçün xaricə ödənişlərin ölkənin məcmu xidmət idxalında xüsusi çəkisi 77% ətrafında olub.

Rəqəmlərdən göründüyü kimi, 2008-ci ildə Azərbaycanın xidmət idxalında turizmin payı cəmi 8.8% olduğu halda, 10 il ərzində həmin göstərici əhəmiyyətli dərəcədə artaraq ötən il 33%-ə yüksəlib.

Neft və qeyri neft sektorunun beynəlxalq xidmətlər bazarında payı   

Uzun illərdir Azərbaycanın əmtəə ixracında 90%-dən bir qədər çox payla neft sektoru hökmran mövqe tutsa da, xidmət ixracında həlledici rol qeyri-neft sekturuna məxsusdur. 2015-ci ilədək xidmət ixracında neft sektorunun ümumiyyətlə töhfəsi olmayıb.

2015-2017-ci illərdə isə ümumilikdə neft sektoru vasitəsilə 1.3 mlrd. ABŞ dollarına yaxın xidmətlər ixrac edilib. Ayrıca olaraq, 2017-ci ildə ölkə üzrə məcmu xidmət ixracının cəmi 5.3%-i neft sektorunun, 94.7-i isə qeyri-neft sahələrinin göstərdiyi xidmətlər hesabına təmin edilib. Neft sektorunun xidmət ixracı yalnız neft və neft məhsullarının nəqli xidmətləri hesabına formalaşır. Məsələn, 2017-ci ildə bu sektorun 250 mln. ABŞ dollarına yaxın məbləğdə xidmət ixracının hamısı nəqliyyat xidmətlərinə aiddir.

İxracdan fərqli olaraq xidmət idxalında neft sektoru əhəmiyyətli paya sahibdir. Xüsusilə də 2011-ci ildən sonra bu göstərici artımla davam edib.

Statistik məlumatlardan göründüyü kimi, 2008-ci ildə ölkənin xidmət idxalında neft sektorunun xüsusi çəkisi 50%-dən bir qədər çox olsa da, sonrakı 3 ildə xeyli azalaraq 2011-ci ildə 27.9% səviyyəsinə düşmüşdü. 2012-ci ildən başlayaraq neft sektorunun xidmətlərə tələbatı hər il artmış və 2017-ci ildə bu sektorun məcmu xidmət idxalında payı 41.5%-ə yüksəlmişdir. Ümumilikdə 2017-ci ildə dəyər ifadəsində neft sektoru vasitəsilə ölkəyə 3.4 mlrd. ABŞ dollarına yaxın xidmət idxal edilmişdir. Neft sektorunun xidmət idxalında əsas rolu tikinti və işgüzar xidmətləri oynayır. Məsələn, 2017-ci ildə sektorun 3.351 mlrd. ABŞ dollarılıq xidmət idxalının 905 mln. ABŞ dolları işgüzar, 2.446 mlrd. ABŞ dolları isə tikinti xidmətləri hesabına formalaşıb.

Ölkənin xidmətlər balansında yaranan defisitində 90%-ə qədəri məhz neft sektorunun hesabına formalaşır. Məsələn, 2017-ci ildə neft sektoru cəmi 250 mln. ABŞ dolları xidmət ixracı müqabilində 3.4 mlrd. ABŞ dollarına yaxın xidmət idxal edib və nəticədə sektorun xidmətlər balansında 3.1 mlrd. ABŞ dolları kəsir yaranmışdır. Halbuki həmin il ölkənin məcmu xidmətlər balansının defisiti 3.3 mlrd. ABŞ dollarından bir qədər çox olmuşdu. Bu fakt həm də onu göstərir ki, neft sektoru hər il əmtəə ixracı hesabına əldə etdiyi valyuta gəlirlərinin 3-4 mlrd. ABŞ dollarını özünün beynəlxalq xidmətlərə olan ehtiyaclarını qarşılamağa yönəldir.

Statistik analizin əsas nəticələri

Azərbaycanın ixrac gəlirlərində xidmətlərin payı hələlik xeyli aşağıdır və 2017-ci ilin nəticələrinə görə bu göstərici 25% ətrafındadır. Dünyanın bir çox ölklərində həmin göstərici 40-60% intervalında dəyişir. Dəyər ifadəsində də xidmət ixracının həcmi (4.6 mlrd. ABŞ dollarınayaxın) kifayət qədər azdır və Azərbaycandan 3 dəfə kiçik iqtisadiyyata malik Gürcüstanın xidmət ixracı (4 mlrd. ABŞ dolları) ilə az qala eyni gösyəriciyə malikik. Estoniyanın xidmət ixracı (6.9 mlrd. ABŞ dolları) isə Azərbaycanla müqayisədə 50% çoxdur.

Xidmət ixracı çox zəif diversifikasiya olunub. 2017-ci ilin nəticələrinə görə, bütün ixracın az qala üçdə ikisi yalnız bir sektorun (turizm), 85%-ə qədəri isə 2 sektorun (turizm və nəqliyyat) hesabına formalaşıb. Maliyyə, rabitə və işgüzar (biznes) xidmətlərinin payı isə son dərəcə məhduddur. Səhiyyə, təhsil  və İKT-nin zəif inkişafı Azərbaycanın heç olmazsa xidmət ixracında regional oyunçuya çevrilməsinə imkan yaratmayıb.

Son 10 ildə Azərbaycanda xidmət ixracının həcminin 3 dəfəyə yaxın artımı müsbət nəticədir, lakin bu artımın əsas hissəsi 2008-2012-ci illərdə baş verib. Sonrakı 4 ildə xidmət ixracının orta illik artımı 2% ətrafında olub.

Son 10 ildə yalnız xidmət ixracı genişlənməyib, milli iqtisadiyyatın beynəlxalq xidmətlərə də tələbatı kəskin artıb. Belə ki, 2008-2017-ci illərdə Azərbaycanın xidmət idxalının həcmi 2 dəfədən çox artaraq 3.8 mlrd. ABŞ dollarından 8.1 mlrd. ABŞ dollarına çatıb.

Ötən dövr ərzində ölkənin xidmət ixracı heç zaman xidmət idxalını üstələməyib və nəticədə Azərbaycan xalis xidmət idxalataçısına çevrilib. Son 10 ildə Azərbaycanın xidmətlər balansının kəsiri 2.6-6.1 mlrd. ABŞ dolları intervalında dəyişib.

Ölkənin xidmət idxalında 3 istiqamət üzrə xidmətlər dominanntdır. Belə ki, cəmi xidmət idxalının 75%-dən çoxu nəqliyyat, tikinti və turizm xidmətlərinin payına düşür.

Əmtəə ixracından fərqli olaraq xidmət ixracında həlledici rol qeyri-neft sektoruna məxsusdur. Belə ki, Azərbaycanın əmtəə ixracının 90%-dən çoxu neft, xidmət ixracının isə 90%-dən çoxu qeyri-neft sektirunun hesabına formalaşır. Xidmət idxalında isə hər iki sahənin payı bir-birindən kəskin fərqlənmir (neft sektorunun 42%, qeyri-neft sektorunun 58%-ə yaxın xüsusi çəkisi var).

Yaxın dövr üçün Azərbaycanın xidmət ixracını artırması, xidmətlər balansının kəsirinin əhəmiyyətli dərəcədə azaldılması hesabına bu kanalla ölkədən valyuta çıxışını məhdudlaşdırması üçün nə dərəcədə potensial var? Təhsil (elm də daxil), səhiyyə və biznes sektorunun zəif inkişafı yaxın dövrdə Azərbaycanın bu xidmətlərin ixracatçısına çevrilməsini istisna edir. Turizm sektoru hesabına xidmət ixracının genişlənməsi təmin edilə bilər. Lakin hər şeydən öncə bu sektor turizm infrastrukuturunun keyfiyyətinin yüksəldilməsi və əlverişli qiymətlərin formalaşması vasitəsilə ən azından regionun 2 tursitik ölkəsi – Türkiyə və Gürcüstanla rəqabət aparmaq gücündə olmalıdır.

Digər mühüm bir sahə kimi hökumət nəqliyyat sektorunu görür. Xüsusilə də Ələt limanın yaradılması ilə Azərbaycanın Çin və Avropa arasında nəqliyyat dəhlizinə çevrilməsinə ümidlər var. Lakin bu sahədə də Qazaxıstan, İran və Rusiya ilə rəqbət aparmaq lazım gəlir. Azərbaycana Qazaxıstan vasitəsilə Çindən daşınmada əsas üstünlüyümüz alternativ marşrutlara nisbətən məsafənin qısa olması göstərilir. Lakin sahənin ekspertləri mühüm bir çatışmazlıq kimi Gürcüstan vasitəsilə daşınacağı tədqirdə yüklərin 2 dəniz (Xəzər dənizi və  Qara dəniz) keçməsini göstərirlər. Halbuki məsələn, Rusiya keçməklə Belorus vasitəsilə Avropaya çıxış tamamilə quru marşurutdur və dəniz marşrutuna daha uzaq olsa da, soyuq fəsillərdə gəmilərin sərt iqlim şərtləri ilə üzləşməsi kimi risklərdən uzaqdır.

Hər halda Çin-Avropa marşrutunda Azərbaycanın digər marşrutlarla müqayisədə nə dərəcədə əlverişli nəqliyyat qovşağına çevriləcəyini yaxın 5 ildə görmək mümkün olacaq. Amma hətta müsbət proqnozlar özünü doğrultsa belə, 2035-ci ilədək sözügedən marşrutla daşınacaq yüklərin potensial həcmi (təxminən 20 mln. ton) ilə bağlı gözləntilər onu deməyə əsas verir ki, bu həcmdə yük hesabına əldə olunan nəql xidmətləri ölkənin xidmətlər balansındakı nəhəng defisiti aradan qaldırmaq gücündə olmayacaq.

Ölkələrin xidmət idxal-ixracı ilə bağlı bütün məlumatlar Beynəlxalq Valyuta Fondunun tədiyyə balansı üzrə statistik bazasından götürülüb. Həmin baza ilə bu linkə daxil olmaqla tanışlıq mümkündür: http://data.imf.org/regular.aspx?key=61468205

Azərbaycanın xidmət idxal-ixracı ilə bağlı bütün məlumatlar Mərkəzi Bankın tədiyə balansına dair məlumat bazasından götürülüb. Həmin məlumat bazası ilə bu linkdən tanışlıq mümkündür: https://www.cbar.az/lpages/statistics/external-sector-statistics/
03.09.2018 10:39:24
Oxuma sayı: 207