Xərçəngin müayinəsində qızıldan istifadə ediləcək
Ölçü:



Nyu-York Universitetinin əməkdaşları xərçəng xəstəliyi diaqnozunun qoyulması üçün qızılla örtülmüş hissəciklərdən istifadə etmək təklifini irəli sürüblər.

Koordinat.az Rusiya mediasına istinadən xəbər verir ki, bu, sadə və effektiv üsuldur. Bu hissəciklər sayəsində şişlər və metastazlarla əlaqəli matris ribonuklein turşusunun ən zəif dozasını da aşkar etmək mümkün olub.

Məlumata görə, yeni üsul tətbiq olunarkən analiz üçün barmaqdan alınan bir damcı qan kifayət edəcək. Analizin aparılması cəmi 30 dəqiqə vaxt aparır. Müqayisə üçün qeyd edilir ki, standart analizə təxminən 12 saat tələb olunur. Analizin effektivliyini artırmaq məqsədilə alimlər matris ribonuklein turşusunun cəzb edilməsi üçün maqnit təklif edirlər.

Alimlər matris ribonuklein turşusuna yapışa bilən qızılla örtülmüş maqnit hissəcikləri düzəldiblər. Maqnitin köməyilə onları asanlıqla bir yerə toplamaq olur. Beləliklə, ekspertlərin ixtiyarında sürətlə aparılan xüsusi həssas test mövcuddur. Yaxın üç ildə bu testin klinik istifadəsi də mümkün olacaq.
01.09.2018 21:41:00
Oxuma sayı: 705