Vicdan yoxlaması...- Yaxud zooparkdakı şir üçün “ gün ağlayan”lar
Ölçü:


Əmrah FƏQANOĞLU

Deyirəm, anadan “humanist, xeyirxah, ürəyi faunaya və floraya məhəbbət hissi ilə alışıb yanan” doğulmaq bir başqadı də... Elə ağzını açıb danışan kimi qondarma sevgisi cümləsinin ilk kəlməsindən bəlli olur. Əməli də göz qabağında. Adam yayın bu cırhacırında, qora bişirən avqust ayında min bir zəhmətə qatlaşıb, üçmü, ya dördmü ölmüş inəyi kəsib soyub, şaqqalayıb, ağ mələfəyə büküb ki, bəs Bakının zooparkında şir və balaları acından ölür, gərək onlara azuqə çatdırım. Polislər də bunu yolda saxlayıblar ki, bəs insan həyatı üçün zərərli olan bu əti hara aparırsan? Yaxşı ki, qoçağım özünü itirməyib və əsl “KVN”şiklərə xas olan hazırcavablıqla “bəs orada şir və balaları acından ölsün?” -deyə ritorik sual səsləndirib. Telekanallar da olaydan geniş reportaj hazırlayıb, “zoopark sakinlərinin himayədarı”nı ictimaiyyətə tanıdıblar.

İki il əvvəl Masallıda qeydə alınan bu cinayət olayını mənə həmin gün sosial şəbəkədə paylaşdığım status xatırlatdı. Bu günümüzdə də olduqca aktual olan olay tragikomikliyinin tündlüyü qədər də təhlükəlidir. Çünki burada söhbət insan sağlamlığına vurula biləcək ölümcül zərbədən və onun sonrakı fəsadlarından gedir. Ölkə rəhbərinin sahibkarlığın inkişafı üçün yaratdığı şəraitdən su-istifadə edənləri yalnız öz şəxsi mənafeləri düşündürür. Xüsusən də yoxlamaların iki il müddətinə dayandırılması bəzi işbazlara qol-qanad verib. Bəzi ictimai iaşə obyektlərində, bazarlarda rastlaşdığımız xoşagəlməz hadisələr buna əyani sübutdur. Bir tərəfdən də at və eşşək ətlərini , hətta ölmüş heyvan cəsədlərini ərzaq adıyla yeməkxana və kolbasa sexlərinə təhvil verməyə can atanlar fəallaşıb. Bu sırada xəstə toyuq ətlərini satışa çıxarmağa cəhd göstərənlər də var. Hüquq-mühafizə orqanlarının və  Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları sağlamlığımıza qənim kəsilmiş bu tipləri vaxtında ifşa edib, cinayət məsuliyyətinə cəlb edirlər, amma fürsət gözləyib, ölü heyvan cəmdəyinin hesabına pul qazanmaq xülyası ilə yaşayanlar hələ də var, təbii ki. İfşa olunanda da utanmaz-utanmaz özlərinə haqq qazandırmağa çalışıb, “balalarım üçün çörək pulu qazanıram də...” -mızıldanırlar. Bu qəbildən olan sonuncu “qəhrəmanımız”sa, əvvəldə dediyim ki, guya öz balalarından çox paytataxtdakı zooparkın sakini olan şirin və balalrının ac qalmaması üçün çaışıbmış... Elə telekanal əməkdaşlarına açıqlamasında da abır-həya etmədən beləcə dedi. Vallah, utanmasan oynamağa nə var ki?! Daha düşünmür ki, zəhərli ətin öz gündəlik çörək pulunu halal zəhməti ilə qazanan statistik azərbaycanlının süfrəsinə düşməsi ehtimalı daha yüksəkdir və onların arasında onun öz doğmaları da ola bilər. Necə ki, saxta dərman satışı ilə məşğul olanlar dolayısı ilə həm də öz yaxınlarını zəhərləmiş olurlar.

Görünən dağa nə bələdçi?! Bu kimi əməllərin adına vicdansızlıq deyilir. Yəni həmin adamların hər şeydən əvvəl ən ciddi formada vicdan yoxlamasından keçirilməsinə ehtiyac var. Bəlkə yoxlanılsalar , vicdanları təmizlənsə, camaata ölü heyvan cəsədi yedirtməyi, saxta dərman satmağı ağıllarının ucundan belə keçirməzlər. Zooparkdakı Şir və balalarının da vicdandan məhrum olanların onlara gətirəcəyi leşə qətiyyən ehtiyacı yoxdur. Gedib öz miflərini başqa yerdə danışsınlar, bəlkə kimisə inandıra bildilər...

P.S. Bu günlərdə 2 sayl Tibb Kollecinin yaxınlığındakı kafedə 15 dəqiqə növbədə gözləyəndən sonra aldığım toyuq dönərinin keyfiyyətsiz olduğunu görüncə bir daha əmin oldum ki, rusların məşhur “etimad et, amma yoxla!” məsəlinə əməl etməmək həyatımıza hər addımda çox ciddi təhlükədir.

31.08.2018 11:57:00
Oxuma sayı: 14092