Məcburi köçkünün "müşkül iş"i belə həll olundu - bir müraciətin izi ilə...
Ölçü:


Bu ilin aprelində keçirilmiş Prezident seçkilərindən sonra aparılan kadr dəyişiklikləri, bir neçə nazirlik və dövlət komitələrinin rəhbərlərinin dəyişdirilməsi, xüsusilə müsbət imicə malik bəzi şəxslərin mühüm vəzifələrə təyinatı ictimaiyyətdə nikbin ab-hava yaradıb. Əhalinin aztəminatlı təqəbəqəsinə xidmət göstərən, dövlətin xüsusi qayğısına və dəstəyinə ehtiyacı olan vətəndaşlarla işləyən nazirlik və komitələrin fəaliyyətində müşahidə olunan aktivlik, məmur-vətəndaş münasibətlərindəki yaxınlaşma belə deməyə əsas verir.

Koordinat.az xəbər verir ki, son vaxtlar mətbuatda və sosial şəbələrdə hər fürsətdə vətəndaşların dərd-səri ilə maraqlanan xalqla təmasdan çəkinməyən, əksinə, az qala hər gün vətəndaşların görüşünə gedən, insanlarla açıq və səmimi danışan məmurlar haqqında çeşidli məlumatlar yayılır, fotoşəkillər və videomateriallar paylaşılır. Belə məmurlardan biri də Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. Yeni vəzifəsinin icrasına başlayan gündən ictimaiyyətin, xüsusilə də çətin şəraitdə yaşayan məcburi köçkünlərin etimadını və rəğbətini qazanmış  Rövşən Rzayevin bu təbəqədən vətəndaşların problemlərinə həssas münasibəti diqqəti daha çox cəlb edir. Hətta bəzi məcburi köçkünlər onların üzləşdiyi problemlərin həllinə xüsusi diqqət göstərən Dövlət Komitəsinin rəhbərliyinə ünvanlanan minnətdarlıq mesajlarını mətbuat vasitəsilə yayaraq ictimailəşdirir və bununla məmur-vətəndaş münasibətlərindəki müsbət meylləri başqaları ilə paylaşmağa çalışır.

kivnews.com saytında dərc olunmuş "Bir məcburi köçkün vardı – Rövşən Rzayev bu məcburi köçkünün də dadına çatdı" adlı yazı da (http://kivnews.com/?p=134272) Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlıq üzərində qurulub. Koordinat.az həmin yazını oxuculara təqdim edir:

2017-ci ilin təxminən iyul-avqust ayları olardı. Cəbrayıl rayonundan məcburi köçkün, o vaxtlar Sabunçu rayonu, Anaşkin küçəsi 4 ünvanında yerləşən Tikinti Mexanikləşdirmə İdarəsinin qarajında məskunlaşmış Adilə Həsənova adlı bir məcburi köçkün bizə yaxınlaşaraq dözülməz şəraitdə yaşadığını bildirdi. Vurğuladı ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə dəfələrlə yazılı və şifahi müraciətlər edərək Sabunçu rayonu Ramana qəsəbəsində məcburi köçkünlər üçün inşa olunmuş binada mənzillə təmin olunmasını xahiş etsə də, onun xahişini nəzarə alan yoxdur. Bu məcburi köçkünün dərdini dinlədikcə, onun həqiqətən də dözülməz durumda yaşadığını hiss edirdik. Kivnews.com olaraq vətəndaşın şikayətini qəbul edib, bu istiqamətdə əlimizdən gələn köməyi edəcəyimizə söz verdik. Adilə Həsənovanın şikayətindən irəli gələrək Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə rəsmi sorğu verib məcburi köçkünün hansı səbəbdən mənzillə təmin olunmamasını öyrənməyə çalışdıq. Sorğuya cavab olaraq bildirildi ki, məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması mərhələli şəkildə həyata keçirilir.

Qarşı tərəf verdiyi kişi sözünü sona qədər tuta bilmədi

Nə isə, məcburi köçkünün özünə verilmiş cavab bizə də verildi. Təbii ki, məcburi köçkünün problemini diqqətdə saxlayaraq onu işıqlandırdıq. Məqalə bir sıra kütləvi informasiya vasitəsində yayıldı. Məqalənin dərcindən sonra vətəndaşı aramağa, Qaçqınkoma dəvət etməyə başladılar. İstər qəbulda, istərsə də yazdığı digər məktublarda sanki başının altına yastıq qoyulurdu. Sonuncu dəfə isə bildirildi ki, Ramana qəsəbəsində yeni binanın açılışı olacaq, ondan sonra sizi də mənzillə təmin edəcəyik. Buna görə də Adilə Həsənovadan xahiş etdilər ki, mətbuatda çıxış etməsin bir qədər səbrli olsun. Məcburi köçkün də komitə rəsmilərinin sözünə inanaraq ərizələrinə bir qədər ara verdi. Səhv etmiriksə 2017-ci ilin noyabr ayı idi, qeyd olunan binanın açılışı aldı, Mehriban xanım Əliyeva şəxsən açılışda iştirak etdi. Bundan sonra növbəti həftələrdə artıq binaya məcburi köçkünlərin köçürülməsinə başlanıldı. Binəqədidən, Xətaidən və digər arazilərdə yaşayan məcburi köçkünlər Ramanada inşa edilmiş 50 mənzilli binaya köçürülürdü. Adilə Həsənova isə bir neçə aylıq fasilədən sonra yenidən "Qaçqınkom"a müraciətlər etməyə başladı. Amma hələlik mətbuatda çıxış etmək istəmirdi. Çünki qadın olsa da kişi sözü vermişdi Qaçqınkomdakı rəsmilərə. Təəssüf ki, qarşı tərəf verdiyi kişi sözünü sona qədər tuta bilmədi.

Verilən sözlər yerinə yetirilmirdi

Havalar artıq soyumağa, yağışlar yağmağa başlamışdı. Yağan yağış isə Adilə Həsənovan qaraj otağının içinə tökülürdü. Qarşıda isə qışın sərt soyuğu vardı. Bunu fikirləşəndə sümükləri sızlayan Adilə Həsənova elə "Qaçqınkom"un qarşısında yatıb-dururdu. Həftə ərzində bir neçə dəfə komitəyə gedirdi. Artıq onun problemi ilə, əvvəlki sədr Əli Həsənovdan, onun sağ əli Garay Fərhadovdan,  Elman İsmayılovdan tutmuş qəbul şöbəsinin keçmiş sədri Anar müəllimə kimi hər kəs xəbərdar idi. Hər dəfə boğazından kəsərək yolladığı məktublara Sənan Hüseynovun verdiyi cavablar isə, məcburi köçkünü lap cilovdan çıxarırdı. Yalan olmasın bəlkə də, Adilə Həsənovanın ünvanına eyni məzmunlu onlarla cavablar göndərilib ki, mərhələni gözlə. Artıq qış qapımızı döymüşdü. Adilə Həsənova isə heç bir isitmə sistemi olmayan, aldığı çörək pulu ilə elektrik enerjisini belə ehtiyyatla işlədərək ədyallara bürünərək iki qızı ilə qışı qarşılamışdılar. Bu dəfə də aldadıldığını zənn edirdi. Verilən söz yerinə yetirilmirdi. Kivnews.com olaraq baş verənləri izləyirdik, amma Adilə Həsənovanın xahişi ilə məqalələr dərc etmirdik. Hər dəfə bildirirdi ki, söz vermişəm, gözləyin. Təbii ki, biz gözləyirdik, amma qış onu gözləmirdi. Nəhayət, yenidən məqalələrin yazılmasına qərar verdik. Əməkdaşımız vətəndaşın yaşadığı qaraja ezam olundu, məcburi köçkünün acınacaqlı yaşayışından reportaj hazırlandı. Mətbuatda məqalənin dərc olunması ilə Adilə Həsənova "Qaçqınkom"a dəvət olundu. Bu dəfə onu məhz "Qaçqınkom" sədrinin müavini Garay Fərhadov qəbul etdi, onun problemini dinlədi. Görüşün səhəri günü Adilə Həsənovanın mobil nömrəsinə edilən zəngdə özünü Garay Fərhadov kimi təqdim edən şəxs bildirdi ki, narahat olmayın sizin məktubunuzun üzəri artıq sədr Əli Həsənov tərəfindən yazıldı. Səbrli olun sizə mənzil veriləcək. Elə həmin gün Adilə Həsənovaya "Qaçqınkom"dan növbəti zəng edildi. Bu dəfə zəng edən mənzillərin paylanması ilə məşğul olan, Əli Həsənovun qohumu Elman İsmayılov idi. Elman İsmayılov da məcburi köçkünü təbrik edərək yaxın zamanlarda mənzillə təmin olunacağını vurğuladı. Amma adları çəkilən rəsmilərin dediyinin üzərindən də aylar keçdi. Əvvəl-əvvəl telefon zənglərinə cavab verən Elman İsmayılov sonradan bütün işlərini sanki katibəsinə tapşırmışdı. Və yenə də Adilə Hənovaya verilən söz yerinə yetirilmədi. Bu vaxt isə qarşıdan prezident seçkisi gəlirdi. Adilə Həsənova dövlətini sevən, Prezidentinə xüsusi hörmət bəsləyən bir məcburi köçkün kimi istəmirdi ki, seçki ərəfəsində hansısa xoşagəlməz addım atsın. Çünki belə dönəmlərdə istər daxili, istərsə də xaricdən müəyyən qüvvələr hərəkətə keçirlər. Amma Adilə Həsənova Qaçqınkom sədrinin adına yazdığı bir müraciətdə bir neçə dəfə aldadıldığını bildirərək, vurğulamışdı ki, onu məcbur etməsinlər ki, dərdini seçkini izləməyə gələn xarici nümayəndələrə çatdırsın. Vətəndaşın müraciəti mətbuatda da yayıldı. Bu dəfə Qaçqınkomun Sabunçu rayon şöbəsinin rəhbəri məcburi köçkünə elçi düşdü. Gəlib yaşayış şəraitini öz gözləri ilə gördülər. Bu dəfə də söz verildi…

Proses elə məcrada inkişaf edirdi ki, Ramanada açılışı edilmiş 50 mənzilli binadakı evlərin çoxu paylanmışdı. Hətta bir dəfə polislər belə həmin binaya gəlmişdilər. Kimlərsə şikayət etmişdi ki, binadakı mənzillər pulla satılıb.

Təbii ki, Adilə Həsənova seçkilərdə dövlətin imicinə xələl gəlməsin deyə susdu. Çoxlarından fərqli olaraq Adilə Həsənova hər zaman dövlətin, prezidentin uğurlarına sevinmiş bir adamdır. O evsizlikdən əziyyət çəksə də, evinin ortasında başına yağış suyu damsa da, evinin içində donsa da heç cür razı ola bilməzdi ki, onun hərəkəti dövlətimizin  imicinə zərər gətirsin.

Yeni sədr prinsipial mövqe ortaya qoyub


"Qaçkınkom"la bağlı müraciətlər davam etdiyi bir vaxtda Prezidentin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vəzifədən çıxarılaraq yerinə deputat Rövşən Rzayev təyin olundu. Elə təyinatından bir neçə gün sonra günü qaçqın yataqxanalarının zirzəmilərində, uçub-dağılmış binalarda keçən yeni sədrin artıq prinsipial mövqe ortaya qoyduğu bilinirdi. Çünki yeni sədrin təyinatına kimi məcburi köçkünlərin çoxlu sayda problemləri üst-üstə yığılıb qalmışdı. Haradan başlamaq, necə etmək qarşıya qoyulan birinci sual idi. Əlbəttə təmkinlə bu problemləri mərhələli şəkildə həll etmək lazımdır. Ən dözülməz, qəzalı vəziyyətdə yaşayan məcburi köçkünlərin köçürülməsinə başlandı. Adil Həsənova da təbii ki, belə şəxslərdən olduğundan "Qaçqınkom" sədrinin adına məktub yazdı. Növbəti dəfə isə, yeni sədr Rövşən Rzayevin qəbulunda oldu. Bu görüşdə Adilə Həsənova bu vaxta necə aldadıldığını sədrin diqqətinə çatdırdı. Elə qəbulda məcburi köçkünü səbr və təmkinlə dinləyən Rövşən Rzayev yerindəcə bu məsələnin araşdırılmasını Rasim Tağızadəyə tapşırdı. Bir məktub və bir görüşlə hər şey dəyişdi. Məcburi köçkünün problemi operativ şəkildə nəzarətə götürüldü. Rasim müəllimin, Xatirə xanımın iştirakı ilə araşdırma aparıldı, vətəndaşın yaşayışının dözülməz olduğu bir təsdiqləndi. Və az keçmədən Adilə Həsənova Qaçqınkoma dəvət edilərək, ona mənzillə təmin edildiyi bildirildi. Sanki yuxuda olduğunu anlayan Adilə Həsənova eşitdiklərinə inana bilmirdi. Yeni sədrə kimi çox sözlər verilib əməl olunmadığına görə, şokda idi. Amma inanmalı idi. Çünki ona bu dəfə Rövşən Rzayevin sədr olduğu komitədən cavab verilmişdi. Və beləcə, bir il idi Əli Hənovun məcburi köçkünün həll edə bilmədiyi problemi, Rövşən Rzayev bir ay çəkmədən həll etdi.

Artıq digər məcburi köçkünlər də, Rövşən Rzayevin fəaliyyətinə böyük ümidlər edir. Çünki təyin olunduğu qısa müddətdə bu vaxta kimi yığılıb qalmış problemlərin həllinə dərhal reaksiya verərək onları həll edir. Elə rəhbər şəxs belə olmalıdır. O problemləri yerindəcə həll etməyi bacarmalıdır.

27.08.2018 21:50:58
Oxuma sayı: 947