Vahid Əhmədovdan etiraz: “Azərbaycan KTMT-yə o halda üzv ola bilər ki..." - iki vacib şərt
Ölçü:


Ötən həftənin ən çox müzakirə olunan məsələlərindən biri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvülük məsələsi oldu. Hakimiyyət komandasında KTMT-ə daxil olmaqla bağlı müsbət fikirlərin səslənməsi, bu məsələ ətrafında yenidən müzakirələrə səbəb oldu. Beləliklə, indi bir çoxları “KTMT Azərbaycana nə verə bilər” sualına cavab verməyə çalışır.

Deputat Vahid Əhmədov hesab edir ki, Azərbaycanın KTMT-yə üzv olması ölkəmizə heç nə verə bilməz: "Əgər əvvəlcədən müəyyən şərtlər həyata keçirilərsə, bu məsələyə baxmaq olar".

Şərtlərin nədən ibarət olmasına gəlincə, Vahid Əhmədov vurğulayır ki, birinci növbədə Azərbaycan KTMT-yə üzv olana qədər Dağlıq Qarabağ problemi öz həllini tapmalıdır:  “Söhbət yalnız 7 rayonunun qaytarılmasından getmir, ümumiyyətlə, Dağlıq Qarabağın statusu müəyyənləşməlidir. İkinci, müstəqil dövlət olduğumuzdan ərazimizdə hər hansı hərbi hissə olmamalıdır. Biz buna imkan verə bilmərik. Çünki Azərbaycanın müstəqilliyinin əsasında bu amil dayanır. Azərbaycan dövlət başçısının da mövqeyi belədir. Həmişə o, müstəqilliyi ön plana çıxarıb. Amma Azərbaycanda hər hansı dövlətin ordusu yerləşdirilərsə, bu, müstəqilliyə böyük təhlükə yarada bilər. Üçüncü, Azərbaycan Avropaya inteqrasiya xəttini götürüb, NATO ilə əməkdaşlıqla paralel balans siyasəti aparır. Sabah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsaq, balans siyasətini yeridə bilməyəcəyik. Təhdid və təzyiqlər ola bilər, bu məqamlar nəzərə alınmalıdır”.

Deputat deyir ki, 1992-ci ildə, keçmiş prezident Elçibəyin hakimiyyəti zamanı Rusiya ordusu Azərbaycandan çıxarılanda çox çətinlik yaşanıb: “Əbülfəz Elçibəyin ən böyük xidmətlərindən biri Rusiya ordusunu Azərbaycandan çıxartması oldu. Bu, müstəqillik üçün vacib şərtlərdən biridir. Başqa bir məsələ, ölkənin daxili işlərinə müdaxilə etmək olmaz.”

Vahid Əhmədovun sözlərinə görə, siyasətçilər danışanda dərindən düşünməlidir: “Mən həmişə demişəm, yenə fikrimdə qalıram ki, Rusiya Azərbaycanın strateji müttəfiqidir, əhəmiyyətli dövlətdir. Prezidentlər səviyyəsində bu əlaqələr qurulub, iqtisadi-humanitar və siyasi əlaqələr də davam etdirilməlidir. Ancaq bunu dərinləşdirib hərbi məsələlər səviyyəsinə çıxartmağa ehtiyac yoxdur, çünki müstəqilliyimizə müəyyən xələl gətirə bilər”.

“ Hakimiyyət daxilində KTMT-yə üzvlüklə bağlı müsbət fikirlərin səslənməsi bu komandada xarici siyasətlə bağlı fikir ayrılığının olduğunu deməyə əsas verirmi” sualına deputatın cavabı belə oldu: “Onu deyə bilmərəm…Mən bir daha təkrar edirəm, yuxarıdakı şərtlərimiz qəbul olunandan sonra bu məsələni müzakirə etmək mümkündür. Amma dediklərim gerçəkləşməsə, bunlar mümkünsüzdür. Fikir verin, Xəzərin statusu müəyyən qədər həll olunandan sonra Rusiya müdafiə naziri Şoyqu Dağıstanda dənizdə hərbiləşdirmə məsələsinə toxundu. Yəni prosesin hara getdiyini hiss edir və anlayırıq. Mən şəxsən müstəqilliyə səs vermiş insan kimi fərqli düşünürəm. Dövlət başçımız da hər bir çıxışında müstəqilliyin əbədi olacağını vurğulayır. Bu baxımdan onun müstəqilliyə xələl gətirəcək addıma gedilməyəcəyinə arxayınam”.

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan bəzi ölkələr 1992-ci ilin mayında KTMT-nin əsasını qoyublar. Bu quruma Rusiyadan başqa, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. MDB isə 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradilıb. Azərbaycan MDB-nin üzvüdür. (Azadlıq Radiosu)
20.08.2018 11:27:27
Oxuma sayı: 382