İcra hakimiyyətləri büdcəni bu cür talayırMaliyyə Nazirliyi faktları açıqladı
Ölçü:


Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ilin birinci yarısında dövlət qurvmlarında apardığı yoxlamaların nəticələrini açıqlayıb.

Koordinat.az xəbər verir ki, yoxlamalar nəticəsində bu ilin ilk 6 ayında büdcə vəsaitlərinin xərclənməsində çoxsaylı və ciddi pozuntular aşkarlanıb.  Nazirlik bildirir ki, tez-tez təkrarlanan pozuntuların bir qismi yerli icra hakimiyyətlərində aparılan abadlıq və təmir işlərinə aiddir. Belə ki, yerli icra hakimiyyəti orqanlarında abadlıy, inzibati binaların (xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin inzibati binalarının və digər sosial obyektlərin), habelə yolların təmiri və tikintisi üçün ayrılan vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcmi əsassız olaraq artıq yazılır.

Araşdırma göstərib ki, mallların (iş və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurları keçirilmir, satınalma prosedurlarının keçirilməsi ilə əlaqədar ehtimal dəyərləri müəyyən edilmir, layihə-smeta sənədləri tərtib edilmir və onlar müvafiq qaydada ekspertizaya təqdim olunmur.

Nazirlik bildirir ki, müvafiq il üçün rayon mərkəzlərində (şəhərlərdə) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatlar bəzi hallarda tərtib edilmir, tərtib edildiyi hallarda isə işlərin (xidmətlərin) dəyəri əsassız olaraq artırılır və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərclənir.

Araşdırma onu da göstərib ki, alınmış malların (iş və xidmətlərin) dəyəri bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənilir. Bundan başqa, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqları («zibil pulu») yığılmır.

Nazirliyin araşdırmaları göstərib ki, uşaq baxçalarında əsassız olaraq artıq qruplar yaradılır, amma bu zamanq uşaqların davamiyyəti çox aşağı olur. Bəzi hallarda isə uşaq baxçalarının binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda uşaq baxçalarının fəaliyyətlərinin sənədləşdirildiyi, uşaq baxçalarında uşaqların ərzaqla təchizatının çox aşağı səviyyədə olduğu, bəzi hallarda uşaq baxçalarında uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bəzi hissələrinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.

Yoxlamalarda o da aşkarlanıb ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işlərini heç bir sənədləşmə aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda onların üzərindən yenidən təmir işləri aparılır. Bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır.

Araşdırmalar zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı, balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.

15.08.2018 13:04:40
Oxuma sayı: 396