Dünyanın ən yaxşı şəhərlərinin SİYAHISI
Ölçü:


Vyana dünyanın ən yaşamalı şəhəri reytinqində Melburnu üstələyərək birinci yerə çıxıb. Qlobal Həyat Şəraiti İndeksini (Global Liveability Index) Economist Intelligence Unit tərtib edir. İllərdir bu iki metropol arasında qatı mübarizə gedir. Melburn son yeddi ildə 140 şəhərin illik reytinqində birinci yeri tutub. Bu il qərbi Avropada yaraqlı hücumları təhdidinin azalması və aşağı cinayətkarlıq səviyyəsi Vyananı birinci yerə çıxarıb.

Vyana adətən, Mercer konsaltinq şirkətinin tərtib etdiyi həyatın keyfiyyəti reytinqində birinci yeri tutur. Ancaq EIU-nun 2004-cü ildən hazırladığı reytinqdə ilk dəfədir zirvəyə yüksəlir.

Cədvəlin dibində Dəməşq yerləşir. Ondan əvvəl Banqladeşin paytaxtı Daka, Nigeriyanın Laqos şəhəri gəlir. Dünyanın Bağdad və Kabil kimi ən təhlükəli şəhərləri reytinqə salınmayıb.

“Son bir neçə ildə terrorçuluq təhlükəsi Avropanın bəzi şəhərlərinə təsirini göstərmişdi, təhlükəsizlik tədbirləri artırılmışdı, son bir ildə isə həyat normal axınına düşüb. Avstriya paytaxtının sabitlik reytinqinin güclənməsi sayəsində Vyana Melburnu birinci yerdən sıxışdırıb”, – qurum bildirib.

Vyana və Melburn səhiyyə xidməti, təhsil və infrastruktur kateqoriyalarında maksimum xal toplayıb. Melburn mədəniyyət və ətraf mühit göstəriciləri üzrə mövqeyini möhkəmləndirsə də, Vyananın sabitlik reytinqi onu sıxışdırıb.

Reytinqdə ilk beşlikdə Osaka, Kalqari və Sidney şəhərləri yer alıb.

Bu reytinqdə əsasən varlı ölkələrdəki orta ölçülü, nisbətən az əhali sıxlığı olan şəhərlərin durumu dəyərləndirilir. Daha böyük və daha çox əhali yaşayan şəhərlərdə cinayətkarlıq səviyyəsi yüksək, infrastrukturu gərgin olur.

Məsələn, London 48-ci yerdədir. Vaxtilə böyük imperiya paytaxtı olmuş Vyananın əhalisi isə hələ 1-ci dünya müharibəsindən öncəki səviyyəyə – 2,1 milyon nəfərə çatmalıdır. Göllər və üzümlüklər bu şəhərə xüsusi yaraşıq verir. İctimai nəqliyyat ucuzdur, yaxşı işləyir (azadlıq.org)

14.08.2018 14:22:00
Oxuma sayı: 587