"İlqar Məmmədovun azadlığı ümidverici hadisədir" - Politoloq
Ölçü:


İlqar Məmmədovun azadlığı ümidverici hadisədir.

Koordinat.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli REAL Partiyasının lideri İlqar Məmmədovun həbsdən azad olunmasına münasibət bildirərkən bildirib.: "Müxalifət adına mövcud olan və uzun illərdir sistemin xaricinə atılmış qurumların və şəxslərin küncə qısnanması prosesi nəhayət ki, dayanmalıdır. Bu qüvvələri əzməyin istər dövlətə, istərsə də hökumətin özünə hər hansı faydası yoxdur və ola da bilməz. Azərbaycanın müstəqilliyi, dövlətin dünyəvi və sekulyar xarakteri ilə heç bir problemi olmayan, əksinə, bu təməl dəyərləri sahiblənən, var gücü ilə dəstəkləyən bir müxalifət nəinki mövcud olmalıdır, hətta həyati zərurətdir. Bu qüvvələr məhv edildikdən sonra onların yerini kimlərin, hansı qüvvələrin tuta biləcəyini qeyd etməyə ehtiyac görmürəm, bu barədə illərdir danışılır".

Politoloq arzulayır ki, bugünkü qərar Avropa strukturlarının israrlı tələbləri və ya Merkelin səfəri ilə əlaqədar atılmış birdəfəlik addım deyil, hansısa prosesin - yumşalmanın, dəyişikliklərin başlanğıcı olsun: "Çünki əvvəlki kimi idarə etməyin effekt vermədiyi artıq göz önündədir, gizlətmək olmur. Üstəlik, işğal probleminin gələcək nəsillərə ötürülməməsi, milli təhlükəsizliyin təmin olunması, yeni iqtisadi və siyasi sistemin qurulması zərurəti kimi ümummilli vəzifələr, eyni zamanda, bölgəmizin hazırda yanğın yerinə dönməsi ölkəmizdə iç barışı və millətin potensialının bir araya toplanmasını vacib edir.

Toplumun yenilik, dəyişiklik istəyi bu gün gur çıxmaya bilər və yuxarılar belə bir tələbi görməyə, hiss etməyə bilər. Amma bu, toplumun tələbindən ziyadə, artıq zamanın, dövrün, günün tələbidir. Toplumun tələbini gözardı etmək, uzun müddət görməzdən gəlmək olar, amma zamanın tələbindən nə qədər qaçsan da, o əvvəl-axır gəlib səni haqlayacaq.

Növbəti parlament seçkiləri dəyişiklik və yenilik üçün əla fürsətdir. Bundan qaçmaq və bu fürsəti qaçırmaq kimsəyə fayda verməz".
13.08.2018 23:47:00
Oxuma sayı: 942