İlham Əliyevdən tranzit yükləri ilə bağlı mesaj
Ölçü:



"Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazara çıxarılacaq tranzit yüklərin əhəmiyyətli dərəcədə dəfələrlə artmasını gözləyirik".

Koordinat.az
-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tacikistan Prezidenti Emoməli Rahmonla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib: "Bu gün biz ticarət, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət məsələlərini fəal müzakirə etdik, bu istiqamətdə ölkələrimizin sənayesinin güclü artımına təkan verəcək ciddi razılaşmalar əldə etdik. Biz bir daha nə qədər qarşılıqlı bağlı olduğumuzu və kooperasiya ilə əlaqədar məsələləri nə dərəcədə həll edə biləcəyimizi gördük. Bu, həm alüminium təchizatı sahəsində əməkdaşlıq məsələsinə, həm neft koksunun təchizatı ilə bağlı bu gün imzalanan memoranduma, həm də bir çox digər məsələlərə aiddir. Bu, sadəcə ticari-iqtisadi razılaşmalar deyil, bu, iqtisadi sahədə uzun illər üçün münasibətlərin inamlı inkişafını müəyyən edəcək layihələrdir və yüzlərlə yeni iş yeri yaratmağa imkan verəcək.

Mən Tacikistan Prezidentini Azərbaycanın öz tərəfdaşları ilə birgə reallaşdırdığı və ixrac üçün, o cümlədən Tacikistandan, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən Azərbaycan ərazisindən keçməklə ixrac üçün tamamilə yeni imkanlar açan nəqliyyat layihələri haqqında ətraflı məlumatlandırdım.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, eləcə də böyük Ələt ticarət limanının tikintisi bu dəhlizin yüklərin ixracı üçün istifadəsinə tamamilə yeni imkanlar açır. Təbii ki, biz Tacikistandan yüklərin artacağına ümid bəsləyirik və bu barədə razılaşmalar əldə olunub. Biz Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazara çıxarılacaq tranzit yüklərin əhəmiyyətli dərəcədə dəfələrlə artmasını gözləyirik. Biz humanitar əməkdaşlıq, təhsil, mədəniyyət sahələrində, kənd təsərrüfatı ilə bağlı məsələləri müzakirə etdik.

Biz sıx qarşılıqlı fəaliyyət məsələlərinin işlənib hazırlanması üçün xüsusi nümayəndə heyətlərinin göndərilməsini razılaşdırdıq. Başqa sözlə, müzakirə etdiyimiz bütün məsələlər üzrə bizim aramızda tam anlaşma mövcuddur. Əminəm ki, müzakirə etdiyimiz bütün məsələlər reallaşdırılacaq. Çünki bütün bunların hamısı konkret nəticələrə hədəflənib. Əminəm ki, Tacikistan Prezidentinin Azərbaycana səfərinin nəticələri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsində mühüm rol oynayacaq".
10.08.2018 15:10:00
Oxuma sayı: 760