Britaniyalı deputatların Bakıya səfərlərini kim maliyyələşdirir?
Ölçü:


Beynəlxalq Şəffaflıq təşkilatı "Kimin Marağında" adlı hesabatında Azərbaycan, Rusiya və Bəhreyni "korrupsiyalaşmış və repressiv rejimlər" adlandıraraq, Britaniyalı deputatların köməyilə legitimlik qazandığını iddia edib.

Beynəlxalq Şəffaflıq (Transparency International) təşkilatının Britaniya bölməsinin hazırladığı hesabatda, Azərbaycan dövləti və ona bağlı olan təşkilatların, Britaniyalı deputatların Azərbaycana səfərlərini maliyyləşdirməsinə diqqət çəkilir. Hesabatda Azərbaycanın britaniyalı millət vəkillərilə əlaqə quraraq Britaniyanın siyasətinə təsir göstərmək və xaricdə imicini yaxşılaşdırmaq istədiyi iddia olunur.

Təşkilat Britaniya parlamentini öz müstəqilliyini qorumağa, öz hərəkətlərində islahatlar aparmağa, heysiyyətini qorumağa, qərarları məlumatlandıqdan sonra verməyə və hesabatlılığını artırmağa çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "BBC News Azərbaycanca"ya XİN-in "bu cür qeyri hökuməti təşkilatlarının" hesabatlarına münasibət bildirmədiyini deyib.

Beynəlxalq Şəffaflıq siyasətçilərin Azərbaycana səfərlərinə dair məlumatları, Britaniyalı deputatların rəsmi maraqları barədə təqdim etdikləri və ictimaiyyətə açıq olan məlumatlar bazasından toplayıb. Hesabatda bu məlumatlar əsasında bildirilir ki, 2007 və 2017-ci il arasında, 71 Britaniyalı deputat Azərbaycana 111 səfərdə iştirak edib.
Bu səfərlərin 84 faizi Azərbaycan dövləti və ya onunla əlaqəsi olan təşkilatlar tərəfindən maliyyələşib.

Təşkilat bəyan edir ki, hesablamasında lobbiçi təşkilatları, "Britaniyalı siyasətçilərə təsir göstərmək niyyəti daşıdığını ehtimal etməyə kifayət qədər məntiqi düşüncə yaradan qeyri-hökumət təşkilatları" kimi təsvir edib. Həmin 111 səfərin 26 faizində (29 səfər) səfərin məqsədi açıqlanmayıb.

Image caption TEAS Britaniyanın Xarici Ticarət üzrə Dövlət Katibi Liam Fox-un kitabını tərcümə edib və onu 2014-cü ildə Bakıya səfərini maliyyələşdirib.

Nə qədər pul xərclənib?

BBC News Azərbaycanca bu məlumat bazalarından topladığı məlumatlardan bu dövrdə ən azı 67 Britaniyalı deputatın Azərbaycana səfərdə olduğunu aşkar edib. Britaniya parlamenti İcmalar və Lordlar palatalarından ibarətdir. Yerli qanunlarla İcmalar Palatasının üzvləri maliyyə məlumatlarını, o cümlədən təşkilatlardan və ya hökumətlərdən maliyyələşən səfərləri barədə ətraflı məlumatları bəyan etməlidirlər.

Lordlar Palatasınını üzvlərindən tələb olunan məlumat isə eyni dərəcədə sərt deyil. Məsələn, Lordlar Palatasının üzvlərindən səfərləri üçün onlara ödənilən pulun məbləğini açıqlamaq tələb olunmur.
Deputatlar və təşkilatlar

"BBC News Azərbaycancan"ın Britaniya parlamentinin məlumatlar bazasından topladığı rəqəmlər göstərir ki, İcmalar Palatası üzvlərinin Azərbaycana səfərlərinə ən çox pul ayıran qurum, bu məqsədə 130.558 funt sterlinq (bu günkü məzənnə ilə 288.568 manat) ödəyən, TEAS adı ilə tanınan Avropa Azərbaycan Cəmiyyətidir.

İcmalar Palatası üzvlərinin Azərbaycana səfərlərini maliyyləşdirən digər qurumlar arasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycanın Britaniyadaki səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Milli Məclis və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) də var.

Azərbaycanla bağlı bölməsində, Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatı xüsusi diqqətini keçmiş Mühafizəkar partiyasının deputatı Robert Walter və keçmiş Liberal Demokrat partiyası deputatı Mike Hancock-a yönəldib. Təşkilat Avropa Şurasının təsis etdiyi və Azərbaycanla bağlı korrupsiya iddialarını araşdıran Müstəqil İstintaq Qurumunun (MİQ) hesabatına əsasən, Robert Walter-in AŞPA qaydalarını pozduğunu qeyd edib.

Beynəlxalq Şəffaflıq həmçinin Mike Hancock-un Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun təsis etdiyi və bu ilin iyul ayında bağlanılan Azərbaycan Avropa Cəmiyyəti tərəfindən maddi yatırım aldığını bildirib. Image caption Liberal Demokratlar partiyasının keçmiş deputatı Mike Hancock TEAS tərəfindən maliyyələş sitasətçilərdən biri olub.

Beynəlxalq Şəffaflıq Britaniyada the European Azerbaijan Society (TEAS) adı ilə tanınan Azərbaycan Avropa Cəmiyyətinin 2010-cu ildə Mike Hancock-un bələdiyyəsindəki partiya şöbəsinə və baş qərargahına 11.500 funt sterlinq (bu günkü məzənnə ilə 25.370 manat) ödədiyini bildirib.

2007-2017-ci illər arasında Britaniyalı deputatların Azərbaycana səfərləri üçün Azərbaycanın dövlət təsisatları və TEAS ən azı 330 min funt- sterlinq (təxminən 728,400 manat) xərcləyib. Bu rəqəmlərə Lordlar Palatasının üzvlərinin səfərlərinə xərclənən məbləğin ehtimalları da daxildir.

Beynəlxalq Şəffaflıq bir çox deputatın səfərlərinin "mübahisəli" seçkilərdə müşahidəçi olmaq üçün təşkil olunduğu və yerli medianın Britaniyalı deputatların şərhlərindən istifadə edərək seçkilərə legitimlik qazandığını iddia edib.

Image caption Azərbaycana səfərlərlə yanaşı TEAS həmçinin Baroness Benjamin (ortada) və iki digər Lordlar Palatası üzvü üçün 2017-ci ilin may ayında nüfuzlu Windsor At Şousuna biletlər alıb.

"BBC News Azərbaycanca" TEAS-ın bu ilin iyul ayında bağlandığını Britaniyanın rəsmi biznes qeydiyyat siyahısında ictimaiyyətə açıq məlumat bazasına yerləşdirilən məlumat əsasında aşkar edib.

Məlumatı, şirkətin keçmiş direktoru Lionel Zetter təsdiqləyib, lakin o, TEAS-ın bağlanmasına dair səbəblərə aydınlıq gətirmək və bağlanmaq qərarı barədə şərh verməkdən imtina edib.

Britaniya parlamentinin rəsmi saytında TEAS-ın 2015-ci ilin iyul ayına qədər Azərbaycan üzrə Bütün Partiyaların Parlament Qrupunun katiblik işlərini yerinə yetirdiyi qeyd olunur.

Bu qrupun sədri, Bob Blackmanın Azərbaycana 2011, 2012, 2014 və 2016-cı illərdəki səfərləri TEAS tərəfindən maliyyələşib.
Image caption TEAS-ın təsisçisi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovdur.

Səfərlər necə maliyyələşib?

TEAS-ın təsistatçısı və Britaniya şirkətlər qeydiyyat siyahısında hələ də TEAS üzrə "əhəmiyyətli nəzarəti" olan şəxs olduğu deyilən Tale Heydərovdur.

Onun qardaşı, Nicat Heydərov TEAS-la Londondaki eyni ünvanda qeydiyyatda olan və Gilan Holding-in patrnyorları sırasında olan United Enterprises International (UEI) şirkəti üzrə "əhəmiyyətli nəzarəti" olan şəxsdir.

UEI şirkətinin saytı artıq açılmasa da, internet arxivində bu şirkətin United Enterprises Interntional Real Estate daşınmaz əmlak şirkəti və alternativ enerji şirkəti Alten Group-un sahibi olduğu qeyd olunur.

Gilan Holdinglə TEAS arasında digər bağlantı, TEAS-ın Almaniyadaki ofisinin adresilə, UEİ şirkətinin Almaniyadaki ofisinin ünvanı ilə eyni olmasıdır.

Bu şirkət 2016-cı ildə bağlanıb, lakin onun təsisçisi Tale Heydərov və bir müddət direktoru Nicat Heydərov olub.

Heydərov qardaşlarının Britaniyadakı şirkətlərini hazırda idarə edən "fond, korporativ və şəxsi sərvət xidmətləri" şirkəti, JTC, BBC News Azərbaycancanın suallarına cavab verməyib. Şirkətlərlə bilavasitə əlaqə cəhdləri uğursuz olub.

2011-ci ildə Araşdırmaçı Jurnalistika Bürosuna verdiyi müsahibədə TEAS-ın o vaxtkı məsləhətçi heyəti üzvü Nigel Peters deyib ki, TEAS qismən korporativ və şəxsi üzvlük haqqı ödənişlərindən və qismən "Heydərov ailəsindən" maliyyələşir.

Nigel Peters şirkətin maliyyə hesablarını görmədiyini etiraf edib.

TEAS-ın "Platinum" səviyyəli üzvlük haqqı 10.000, "Gold" səviyyəli üzvlük haqqı isə 4.000 funt sterlinq (indiki məzənnə ilə təxminən 21.942 və 8.777 manat) təşkil edir.

Lakin 2010-cu ilin mart ayınacan maddi vəziyyətini göstərən maliyyə hesabatında, TEAS 1.849.087 funt sterlinq (indiki məzənnə ilə təxminən 4.057.336 manat) borcu olduğunu qeyd edib. Növbəti illərdə bu borc kəskin şəkildə azalıb.

Gilan Holding BBC News Azərbaycancaya bildirib ki, TEAS "bizim holdinqə daxil olmayan bir qurum"dur, lakin TEAS-la Gilan Holding arasında mövcud olan sıx əlaqələrə dair suallara cavab verilməyib.

TEAS-ın Bakı ofisilə əlaqə saxlamaq mümkün olmayıb, lakin TEAS Press Nəşriyyat Evi bildirib ki, nümayəndələri məzuniyyətdə olduğuna görə, BBC News Azərbaycancanın suallarını cavablandırmağa ofisdə bir şəxs yoxdur.
10.08.2018 11:23:08
Oxuma sayı: 281