Saakaşvili Paşinyanı xəbərdar etdi: "Putin payızda mitinqlər təşkil edəcək
Ölçü:


Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixeil Saakaşvili “Exo Moskva” radiosunda çıxışı zamanı Ermənistan baş naziri Paşinyana məsləhətlər verib.

Koordinat.az xəbər verir ki, Saakaşvili radiodakı çıxışında Putinin Ermənistanı Paşinyana elə-belə verməyəcəyi və payızda ona qarşı mitinqlər təşkil ediləcəyi xəbərdarlığını edib.

Saakaşvili  bunun olmaması üçün Paşinyana ilk olaraq sistemi dəyişdirməli olduğunu bildirib. Onun sözlərinə görə Paşinyanın əmrləri hələ də hüquq-mühafizə orqanlarının köhnə rəhbərləri tərəfindən icra olunur və onların baş nazirə qarşı üsyan etməyəcəyinə heç kim zəmanət verə bilməz.

“Bu gün onun bütün əmrləri hüquq-mühafizə orqanlarının köhnə başçıları tərəfindən həyata keçirilir. Bəs kim zəmanət verir ki, onlar ona qarşı üsyan etməyəcəklər? Hələ heç bir şey itirilməyib. Hər şey qüvvədə qalır. Paşinyan hüquq-mühafizə sistemlərini dəyişdirməlidir” – Saakaşvili bildirib.

O öz bəyanatında Rusiya prezidenti Vladimir Putinin Paşinyandan qurtulmaq haqda planlarından da danışıb. Saakaşvilinin sözlərinə görə Putin payızda Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu yığacaq və mitinqlər təşkil edəcək: “Mən tamamilə əminəm ki, Rusiya prezidenti yaxın zamanlarda Paşinyanı baş nazir postundan devirməyə hazırlaşır”.

Saakaşvilinin bu bəyanatı Ermənistan mətbuatında qalmaqala səbəb olub. Ermənistan mətbuat demək olar ki iki cəbhəyə ayrılıb. Bir cəbhə bu bəyanatlara ciddi yanaşmağı və ehtiyat tədbirləri görməyi məsləhət verir. Digər cəbhə isə Saakaşvilinin bu bəyanatlarını qınayıb və onu Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqda ittiham edib. Onlar eks-prezidentin Putinlə keçmiş haq-hesablarına diqqət çəkirlər və onu iki ölkə arasındakı münasibətləri anlamadığı halda qeyri-obyektiv fikir yürütməkdə günahlandırıblar.

1-in.am analitik portalı yazır Rusiya Ermənistandakı inqilaba qarşı olsaydı,  onun elə “beşiyindəcə” boğardı: "Putin Ukraynanın yarısını ələ keçirib. Belədirsə, Ermənistandakı məxməri inqilabın “beşiyindəcə” boğulması məsələsində niyə sərtlik göstərmədi?

İkinci cəbhədəki bəzi analitik yazılarda Sakaşvilinin bu addımı ilə Ermənistandakı məxməri inqilaba risk yaratdığını vurğulayıblar.
09.08.2018 16:56:49
Oxuma sayı: 391