Əmanətlərin Sığortalanması Fondu müflisləşib
Ölçü:


“Əmanətlərin Sığortalanması Fondunun ən böyük problemi resurslarının olmamasındadır. Əvvəlki illərdə yığılmış vəsait çox az idi, bu gün isə müflis olmaq üzrədir”.

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli Əmanətlərin Sığortalanması Fondunun sonuncu rəhbərliyinin 1 illik fəaliyyətini qiymətləndirərkən deyib. O qeyd edib ki, banklar bir-birinin dalınca  bağlandıqdan sonra Fondda olan vəsait tamamilə tükənib: “Məcburən Mərkəzi Bankdan 500 milyon manat kredit ayrıldı. Fond həmin krediti qaytarmaq iqtidarında deyil. Çünki yaxın vaxtlarda Fondun bu kreditləri qaytarmaq üçün gəlirlərinin olması gözlənilmir. Bu səbəbdən də Fondun iş qaydalarında köklü dəyişiklik edilməklə qazanc əldə olunmalıdır ki, hər hansı problem yaranarkən əmanətləri geri qaytara bilsin. Eyni zamanda həm də dövlətdən, Mərkəzi Bankdan götürdüyü borcu qaytarsın”.

Ekspert qeyd edib ki, xarici ölkələrin praktikasında bu cür fondlar aktiv fəaliyyətdir: “Həm qiymətli kağızlar bazarında, həm daşınmaz əmlak bazarında müəyyən əməliyyatlar apararaq, həm öz aktivlərini artırırlar, həm də əldə etdikləri gəlirin bir qismini maliyyə sabitliyinə xərcləyirlər. Vətəndaşların depozit problemi yaranarkən, onu həll etməyə çalışırlar. Amma Azərbaycanda belə bir mexanizm yoxdur. İş mexanizminə nəzər saldıqda, çox bəsit fəaliyyət növüylə məşğul olduqları görünür. Banklardan üzvlük haqqı yığırlar, əmanətlərin sığortalanması ilə bağlı əlavə vəsait toplayırlar ki, bu da çox cüzi məbləğdir. Sabah hər hansı böyük bankın, necə ki, bunu Azərbaycanda bir neçə bankın ardarda bağlanmasından sonra gördük, vəsaitlərinin tükənəcəyinin şahidi olacağıq. Fondda vəsait onsuz da azdır. Bir neçə bank bağlansa, tamamilə müflis duruma düşəcək. “Bank Standart”ın bağlanmasından sonra sığortalanmış əmanətlərin qaytarılması Mərkəzi Bankın köməyilə mümkün oldu. İndi də hansısa böyük bankda problem yaşanacaqsa, sığortalanmış əmanətlərin geri qaytarılması mümkün olmayacaq”.

Natiq Cəfərlinin fikrincə, qeyd edilən dəyişikliklər baş vermədikcə, rəhbər şəxsin kimliyindən asılı olmayaraq, problem həmişə qalacaq: “Özünüz baxın, rəhbərliyin dəyişdiyi bir il ərzində nəsə dəyişibmi?Təyin olunmuş rəhbərlik Fondun müəyyən mənada yaxşı və pis işləməsini təmin edə bilər. Onun mövcud problemlərini həll etmək iqtidarında deyil. Ona görə də bu tipli fondların fəaliyyətinin köklü şəkildə yenidən qurulmasına ehtiyac var. Bunlar sırf primitv işlə-banklardan üzvlük haqqı topalamaqla, hardansa əldə etdikləri vəsaitlə əmanətlərin geri qaytarılması ilə məşğul olmalı deyillər. Fond həm investor, həm qiymətli kağızlar bazarında oyunçu kimi pul qazanmağı bacarmalıdır. Amma təəssüf ki, indiki iqtisadi münasibətlər daxilində Fondun belə işlərlə məşğul olacağı ehtimal edilmir. Və gələcəkdə böyük bank bağlanarsa, yenə dövlətin, Mərkəzin Bankın yardımı olmadan pulları geri qaytarmaq iqtidarında deyil”.

Azərbaycan Prezidentinin 9 fevlar 2007-ci il tarixli Fərmanına əsasən, Əmanətlərin Sığortalanması Fondu yaradılıb. Fond 2007-ci ilin 12 avqustdan fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə olunur.

Prezident İlham Əliyevin 1 avqust 2017-ci il sərəncamı ilə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini vəzifəsinə Vüqar Rafik oğlu Abdullayev təyin olunub. 2017-ci ilin avqustunda icraçı direktor Azad Cavadovun səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifə V.Abdullayevə həvalə edilib.

Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşdırılır. Qurum hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir.
03.08.2018 15:23:57
Oxuma sayı: 776