Azəri-Çıraq-Günəşli yatağından 6 ayda hasilat - 15 milyon ton
Ölçü:


2018-ci ilin 1-ci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat məsrəfləri və 552 milyon dollar əsaslı məsrəflər xərclənib.

Koordinat.az xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti 2018-ci ilin I yarısına olan hesabatında bildirilir. Qeyd olunur ki, ötən 6 ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (49 000), Mərkəzi Azəri (158 000), Qərbi Azəri (127 000), Şərqi Azəri (96 000), Dərinsulu Günəşli (107 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 596 000 barel və ya ümumilikdə təqribən 108 milyon barel, yəni 15 milyon ton olub. İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.

2018-ci ilin 1-ci yarısı ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 32 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir.

İlin ilk iki rübü ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 124 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

6 ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 milyon standart kub metr (963 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib.

Rəsmi məlumata görə, 2018-ci ilin 1-ci yarısı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə təqribən 13 milyon dollar xərclənib. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 399 milyon tondan artıq (2,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3916 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2018-ci ilin 1-ci yarısı ərzində isə BTC vasitəsilə 17 milyon tondan çox (təqribən 125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 158 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

2018-ci ilin 1-ci yarısı ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib. Bu ilin ilk 6 ayı ərzində yataqdan 5 milyard standart kubmetr qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 32 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

2018-ci ilin birinci yarısında Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri, 29 may 2018-ci ildə Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil olub. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz-2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı. Şahdəniz 2 layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.

Eyni zamanda ilin birinci yarısında Şahdəniz Bravo platformasında montaj işləri və istismar sınaqları davam edib. Sualtı axın xətlərinin və quyuların sınaq işləri tamamlanıb və Bravo qurğuları istismar mərhələsinə daxil olub.
 
01.08.2018 16:13:00
Oxuma sayı: 330