Metro avtobuslarda gedişhaqqının artırılması əhalinin aztəminatlı təbəqəsini çətin vəziyyətdə qoyur - ekspertdən təklif
Ölçü:


"Əksər inkişaf etmiş ölkələrdə o cümlədən qonşu Türkiyədə ictima nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlərlə nəqliyyatdan istifadə edə bilir. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var".

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov avtobus və metroda gediş haqqının artırılması ilə bağlı "Facebook" səhifəsindəki şərhində bildirib. O qeyd edib ki, əksər ölkələrdə olduğu kimi, tələbələr üçün güzəştli qiymətlərlə tələbə nəqliyyat kartının tətbiqi vacibdir: “Bu zaman tələbələrin 30 faiz güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı. Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar. Oxşar güzəştləri pensiyaçılar üçün də təklif etmək olar”.

Ekpert eyni zamanda, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac olduğunu diqqətə çatdırıb: “Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu, vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı, nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasına şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir. Eyni zamanda, nəqliyyatdan pulsuz istifadə edənlər qrupu da ayrıca təsdiq edilir. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini hiss edilən dərəcədə azalda bilər”.
01.08.2018 10:52:14
Oxuma sayı: 492