5 ayda ƏƏSMN-nin elektron xidmətlərindən 2,7 milyon dəfə istifadə olunub
Ölçü:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə xidmətlərin elektron müstəvidə təşkili əhalinin bu xidmətlərdən məmur-vətəndaş təmasları olmadan, şəffaf şəraitdə faydalanmasına geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, nazirliyin e-xidmətlərindən istifadəyə maraq getdikcə artmaqda davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Koordinat.az-a verilən məlumata görə, bu  ilin may ayında  “Elektron hökumət” portalına müraciətlərin də 607587-si və ya 32,8 faizi məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin payına düşüb. Nazirliyin təqdim etdiyi 25 e-xidmətdən 50 faizə qədəri bu gün ən çox istifadə olunan e-xidmətlər sırasındadır. Məsələn, vətəndaşlar ötən ay  “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətinə 220665 dəfə, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə 194438 dəfə,  “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 37907 dəfə müraciət edib. Həmçinin son bir ayda “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən  22003 dəfə,  “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 21925 dəfə istifadə qeydə alınıb.

Eyni zamanda, nazirliyin digər e-xidmətlərindən faydalananların sayı da artır. Buna misal olaraq, vətəndaşlar cari ilin yanvar ayında istifadəyə verilən “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən  təkcə ötən ay 7509 dəfə, yanvar-may aylarında isə 45 min dəfədən çox yararlanıblar. Yaxud keçən ilin oktyabrında  təqdim olunan “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” e-xidmətindən istifadə sayı keçən ay cari ilin yanvar ayı ilə müqayisədə 3,5 dəfə, aprel ayı ilə müqayisədə isə 27,5 faiz çoxalıb.

Ümumilikdə cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 2,7 milyon dəfəyə yaxın istifadə qeydə alınıb. 

03.06.2016 15:43:54
Oxuma sayı: 820