Vahid Əhmədovdan Zaranı Bakıya gətirənlərə çağırış: "Etirazlar böyükdür"
Ölçü:


«Mən bu cür addımları qəbul etmirəm. Çünki Ermənistan bizimlə düşmənçilik aparır, bizə düşməndir. Necə ola bilər ki, düşmən dövlət Azərbaycan torpaqlarını işğal edir, əhalimizi öldürür, ancaq biz erməni müğənnisini Bakıda konsertə gətiririk? Mən erməni müğənnini Bakıya gətirən və konserti təşkil edən təşkilatçıya çağırış edirəm ki, bu qədər gərginlik yaratmasınlar".

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov milliyyətcə erməni olan müğənni Zaranın Bakıya konsert verməyə gətirilməsi ilə bağlı narazılıqlara münasibət bildirərkən söyləyib. O qeyd edib ki, Zaranın Bakıya gətirilməsi onun özü üçün də maraqlı deyil: "Ancaq mətbuatdan və sosial şəbəkələrdən də şahid oluruq ki, erməni müğənninin Bakıya gəlməsinə etirazlar böyükdür. Mən də bir azərbaycanlı olaraq buna etiraz edirəm. Düşünürəm ki, Zaranın Azərbaycana gəlməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, bu cür hərəkətlərlə milləti qıcıqlandırmaq olmaz. Kimsə iş adamı olaraq vəsait qazanmaq istəyirsə, bu o demək deyil ki, ermənini Azərbaycana dəvət etmək lazımdır. İndi bizim Ermənistanda nə qədər əsirlərimiz var. Axı necə erməni müğənnisini bura gətirib ona qulaq asa bilərik? Gərək bu tərəfini də düşünmək lazımdır. Bu həm də siyasi məsələdir. Ona görə də məsələyə geniş yanaşmaq lazımdır»
27.07.2018 16:04:00
Oxuma sayı: 1475